BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Güney Koreyanın paytaxtı Seulda ölkəmizin turizm potensialının təbliğatı məqsədilə tədbir təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, tədbirdə 2025-ci ilin may ayından etibarən Seuldan Bakıya həftədə bir dəfə olmaqla cümə günləri Güney Koreya tur operatorları tərəfindən təşkil ediləcək birbaşa uçuşların anonsu verilib: “2025-ci ilin iyul ayının ortalarına kimi həyata keçirilməsi planlaşdırılan uçuşlar AZAL tərəfindən icra ediləcək. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib. Şəbəkələşmə tədbirində Koreyanın turizm sənayesinin təmsilçiləri, media nümayəndələri və influenserlərlə yanaşı, Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər”.
Bildirilib ki, “qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Azərbaycanın təbiəti, tarixi məkanları, maddi və mədəni irs nümunələri, Bakının müasir memarlıq nümunələri, UNESCO-nun irs siyahısına daxil edilmiş abidələr və müxtəlif turizm növləri haqqında ətraflı məlumat verilib”.
Qeyd edək ki, 2024-cü ilin 10 ayı ərzində Azərbaycana gələn Güney Koreya vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz artım müşahidə olunur.
İlk şərhi yaza bilərsiniz