Son yeniləmə: 27 Noyabr 2024
Azər Həsrət: “Türk Dövlətləri Təşkilatının rəhbərliyindən, təmsilçiliyindən kimlərsə orda iştirak da, çıxış da edə bilərdi”
BAYRAQDAR MEDİA qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 41-ci ildönümü ilə bağlı “Bakı-Xəbər” qəzetinin hazırladığı yazını təqdim edir:
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) 41-ci ildönümü çərçivəsində Dr. Fazıl Küçük Bulvarında rəsmi parad keçirilib.
Mərasimdə KKTC Cümhurbaşqanı Ersin Tatar, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın adından Cümhurbaşqanı yardımçısı Cevdet Yılmaz, Kuzey Kıbrıs Cümhuriyyət Məclisinin sədri Ziya Öztürkler, Türkiyə Böyük Millət Məclisi adından qurumun sədr müavini Celal Adan, KKTC Baş naziri Ünal Üstel, Yargıtay sədri Bertan Özerdağ, 2-ci Cümhurbaşqanı Mehmet Ali Talat, 3-cü Cümhurbaşqanı Derviş Eroğlu, Türkiyənin KKTC-dəki səfiri Yasin Ekrem Serim, KTBK komandiri general-mayor Sebahattin Kılınç, GKK komandiri, general-mayor İlker Görgülü, ana müxalifət partiyası CTP sədri Tufan Erhürman, Türkiyənin ana müxalifət partiyası CHP sədri Özgür Özel, nazirlər, bəzi millət vəkilləri, ordu rəsmiləri, qurum, təşkilat, dərnək nümayəndələri və vətəndaşlar iştirak edib.
Mərasimə Türkiyə və Azərbaycandan bəzi siyasi partiyaların nümayəndələri və nümayəndə heyətləri də qatılıb.
KKTC Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür, ona bu status verilib. KKTC-nin yaradılmasının 41-ci ildönümü münasibətilə keçirilən hərbi paradda TDT-yə üzv olan türk dövlətlərindən, Orta Asiyanın türk respublikalarından, Azərbaycandan rəsmilərin iştirak edib-etmədiyi hələ bilinmir, amma ediblərsə, heç çıxış da etməyiblər. Etsəydilər, bu, yayılan xəbər mətnində öz əksini tapardı. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin nümayəndələri o cür toplantıda iştirak və çıxış etməli idilərmi?
Çıxış etsəydilər nə olası idi? Burada yanlış bir şey yoxdur ki. Bu çox yaxşı hal və dünyaya bir mesaj olardı ki, biz KKTC-ni tək qoymuruq. Nəzərə alsaq ki, Qərb yunan Kiprinə hər cür dəstək olur, biz niyə türk Kıbrısına dəstək olmayaq ki?
KKTC-ni Türk Dövlətləri Təşkilatına üzv qəbul etmişiksə, ən azı TDT üzvü olan ölkələrin adından kimsə çıxış etməli idi. Belə fikirlər var.
“Amma dəqiq məlumatlı deyiləm ki, ümumiyyətlə dəvət ediliblərmi, ediliblərsə, iştirak ediblərmi, ediblərsə hansı səviyyədə ediblər”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti böyük türk ailəsinin ayrılmaz bir hissəsidir, yəni bizdəndir, yad-yabançı deyil: “Onun statusu ilə bağlı şəxsən məndə heç bir sual yoxdur. Mən özüm bir türk dövlətinin – Azərbaycanın vətəndaşı olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətini tamhüquqlu dünya dövlətlərindən biri kimi tanıyıram, qəbul edirəm və onun Cümhurbaşqanı cümhurbaşqanım, dövləti dövlətimdir. Qaldı ki, bu tədbirdə türk dövlətlərindən kiminsə iştirak edib-etməməsi məsələsinə, Azərbaycanın belə bir probleminin olduğunu sanmıram, elə qardaş Türkiyənin də. Orta Asiya türk dövlətləri hələ ki, bu məsələdə bir az ehtiyatlıdırlar. Onları da haradasa başa düşürəm. Amma dəqiq məlumatlı deyiləm ki, ümumiyyətlə dəvət ediliblərmi, ediliblərsə, iştirak ediblərmi, ediblərsə, hansı səviyyədə ediblər. Ondan savayı, Türk Dövlətləri Təşkilatının rəhbərliyindən kimlərsə orada iştirak edibmi? Mənə elə gəlir ki, bu kimi şeylər həlli mümkün məsələlərdir. Türk Dövlətləri Təşkilatının rəhbərliyindən, təmsilçiliyindən kimlərsə orda iştirak da, çıxış da edə bilərdi. Buna da heç kəs heç nə deyəsi deyildi. Yəni mən düşünürəm ki, artıq türk dövlətləri bir qədər daha cəsarətli davranmaq üçün özlərində güc tapmalıdırlar. Misal üçün, elə sonuncu Zirvə toplantısı qardaş Qırğızıstanda – Bişkekdə oldu. Düzdür, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar orda iştirak və çıxış etdi. Amma təəssüflər olsun ki, həmin toplantıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayrağını biz görmədik. Artıq bu ikili oynamağı, kimdənsə qorxub çəkinməyi dayandırmaq lazımdır. Biz türk dövlətləriyik, biz türk millətiyik, biz diktə edən tərəfə çevrilməliyik. Kiminsə xoşuna gəlməyəcək deyib Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı bu cür davranmaq doğru deyil. Eyni zamanda xüsusi olaraq vurğulamaq istəyirəm ki, artıq Azərbaycan Respublikası qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması prosesini başlatmalıdır. Müvafiq prosedur başlanılmalıdır. Biz nəyi gözləyirik, niyə gözləyirik?”
A.Həsrət qeyd etdi ki, Yunanıstanla Ermənistan can bir qəlb qardaşdır, Kıbrısın rum kəsimi Ermənistanla qardaşdır, ermənilərin bütün antitürk hərəkatlarında açıq şəkildə iştirak edirlər.
“Necə olur ki, onlar heç nədən çəkinmirlər, Azərbaycanı birdən incidərik deyə düşünmürlər? Biz durub düşünürük ki, birdən yunanları, rum kəsimini incidərik, xətrinə dəyərik. Mənə elə gəlir ki, artıq Azərbaycan özəlliklə də COP29-a möhtəşəm ev sahibliyindən sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması prosedurunu başlatmalıdır. Bunun üçün Azərbaycanda yetərincə ictimai rəy də var. Yəni alt yapı hazırdır, xalq bunu qəbul etməyə hazırdır. Ona görə düşünürəm ki, qardaş Türkiyənin bu yöndə təcrübəsini nəzərə alaraq Kuzey Kıbrıs Türk Cümhuriyyətini dövlət kimi tanımalıyıq. Ümumiyyətlə bundan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayrağı Azərbaycanda və digər türk dövlətlərində daim dalğalanmalıdır. Xatırlayırsınızsa, Cümhurbaşqanı Ersin Tatar Azərbaycana gələndə Azərbaycan Prezidenti açıq mətnlə demişdi ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bayrağı, əlbəttə burada dalğalanmalıdır. Düşünürəm ki, məhz buna uyğun olaraq da biz o dövləti tanımalıyıq” – deyə, A.Həsrət qeyd etdi.
İradə SARI