Son yeniləmə: 26 Noyabr 2024 15:03
BAYRAQDAR MEDİA – Noyabrın 26-sı Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilir.
Biz də BAYRAQDAR MEDİA olaraq Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidən Azərbaycan kəlağayısı haqqında fikirlərini öyrəndik.
Könül Vəlibəyli vurğuladı ki, kəlağayı Azərbaycan qadınının örpəyi, qadın qarderobunda ən çox sevdiyi və dəyər verdiyi aksesuardır: “Tarix boyu həmişə Azərbaycan qadınının başında örpək olub. Zaman keçdikcə, dizayn, moda, dəb inkişaf etdikcə aksesuarlar da dəyişir və inkişaf edir. Adi örpəklərimiz artıq kəlağayılara, naxışlı şallara keçib. Həmçinin Azərbaycanda ipək istehsal olunduğu üçün çox gözəl xalça naxışlarımız var. Xanımlarımız o naxışların öz örpəklərində olmasını istəyir və kəlağayı ustalarımız da o gözəl naxışları bizim kəlağayılarımızın üzərinə gətirirlər. Bildirim ki, kəlağayı Azərbaycanın bir neçə bölgəsində – Şəki, İsmayıllı, Naxçıvan, Bakıda istehsal olunur. Çox sevindiricidir ki, bu gün də bu adət-ənənəni biz yaşadırıq. Artıq bu örpəklərimizdən, kəlağayılarımızdan qızlarımız istifadə etməyə başlayıblar”.
Müsahibimiz qeyd edib ki, kəlağayıları son 20 ildə öncə media nümayəndələri, televiziya aparıcıları gündəmə gətiriblər: “Bizim kimi geyim evlərinin təklifi və dəstəyi ilə televiziya aparıcıları Novruz Bayramında, çərşənbə axşamlarında kəlağayılardan istifadə edirdilər. Son 100 il – Sovet dövrünü nəzərə alsaq, kəlağayılardan Novruz Bayramında gənclər istifadə edirdi. Amma qeyd edim ki, nənələrimizin sandıqlarında 1-2 ədəd kəlağayısı var idi ki, onlar da öz nəvələrinə hədiyyə edirdilər”.
Gündəmdə olan, dəyər verilən və marka halına gələn kəlağayıların bu gün bazarda qiymətinin həddindən artıq baha olduğunu deyən Könül Vəlibəyli bu səbəbdən də insanların orijinal kəlağayı ala bilmədiklərini diqqətə çatdırıb: “Artıq Çində istehsal olunmuş sintetik kəlağayılar da bazara çıxıb. Bu, yaxşı haldır, amma bir yandan da pisdir. Ona görə ki, keyfiyyət düşdükcə qorxuram ki, dəyər də düşə. Bunun üçün də keyfiyyət və dəyəri qorumaq lazımdır”.
Könül Vəlibəyli kəlağayı adətini yaşatmağın çox gözəl, sevindirici olduğunu vurğulayaraq gənc xanımların da öz övladlarına bu adəti ötürəcəklərinə ümid etdiyini deyib: “Dəblə yanaşı bunun bir dəyər olduğunu da unutmamalıyıq. Günümüz mübarək!”
İlk şərhi yaza bilərsiniz