BAYRAQDAR MEDİA – COP29 bitdi. Həm də böyük uğurla! Bütün dünya Azərbaycanın möhtəşəm və mükəmməl təşkilatçılığından danışır. Hətta bədxahlarımız belə ilişməyə bir səbəb tapa bilmirlər!
Şər atırlar, gözdən salmağa, lağlağıya çevirməyə çalışırlar, amma yenə də alınmır!
İlk gündən çalışdılar ki, nəsə yolunda getməsin. Yalanlar uydurdular, tirajladılar, dövriyyədə saxladılar, yenə də alınmadı!
Azərbaycan dövləti COP29-u saat mexanizmi kimi dəqiq təşkil və idarə etdi!
Minlərlə insan səfərbər olundu!
Dövlət başçısı İlham Əliyevin şəxsən özü gecə demədi, gündüz demədi, 24 saatlıq sutkada ondan da artığını işlədi!
Ölkənin 1-ci xanımı – Birinci vitse-prezident Mehriban Əliyeva da ondan geri qalmadı. Hər addımda yanında – arxasında oldu, kömək etdi!
Hələ ailənin uşaqları – Leyla, Arzu, Heydər! Bir gün belə dayanmadılar, işlədilər!
İlham Əliyev və ailəsi COP29-un yaxşı mənada fəhləliyini də etdi! Halbuki onların hər biri kənarda dayanıb statuslarına uyğun göstəriş verə, başqalarını işlədə bilərdilər!
Etmədilər! Özləri meydanda oldular!
İlham Əliyev və ailə üzvləri bir nəfər kimi bu prosesin hər məqamında öndə oldular, örnək oldular, nəyi necə etməyi əməldə göstərdilər!
Müasir dövrün lideri elə belə də olmalıdır! Ölkənin, millətin, dövlətin taleyi üçün gərək olduğunda fəhləlik də edərək şəxsi örnəyini ortaya qoymalıdır.
Sadəcə alqış! Min alqış həm də!
Bəli, COP29-u Azərbaycan dövləti və xalqı alın açıqlığı, üz ağlığı ilə təşkil edib layiqincə də başa çatdırdı!
Vətən savaşı qədər önəmli!
Bəlkə də müqayisəmlə kimlərsə razılaşmayacaq, ancaq bu böyük qlobal tədbir heç də 44 günlük Vətən savaşından az əhəmiyyət daşımırdı bizim üçün.
Bu qənaətim səbəbsiz deyil. Düşünürəm ki, tədbiri Azərbaycana dəvət edərkən Prezident İlham Əliyev də mütləq bu düşüncə ilə hərəkət edib.
Biz 44 günlük Vətən savaşını Zəfərlə başa vursaq da aradan keçən 4 il ərzində əleyhdarlarımız dünyanın hər tərəfində bizi qaralamaqdan yorulmadılar. Azərbaycanı ən vəhşi, savaş tərəfdarı, qorxunc bir ölkə kimi təqdim edirdi onlar. Elə indi də edirlər.
Hələ onu da əlavə edək ki, yalnız COP29 ərəfəsində deyil, ümumiyyətlə Azərbaycan hansısa böyük tədbirə ev sahibliyi edəndə qara qüvvələr eyni təbliğatı aparır, xaricilərin bura gəlməməsi üçün dəridən-qabıqdan çıxırdılar. Çıxmağa da davam edirlər, edəcəklər.
Amma Azərbaycan yer üzünün bütün dövlətlərini COP29-a toplamaqla bir növ özünü dünyaya yenidən təqdim etmiş oldu!
Bəli, gəldilər, gördülər, sevdilər bizi! Razı qaldılar, yalan-palan təbliğatın, qarayaxmanın əsassız olduğunu 10 minlərlə qonağımız öz gözləri ilə gördü, şahidlik etdi!
Gördülər ki, Azərbaycan dünyanın ən sakit, ən təhlükəsiz ölkəsidir!
Bakının timsalında gördülər ki, bura ən təmiz yerlərdən biridir!
Əmin oldular ki, Azərbaycanlılar ən qonaqsevər, ən tolerant və istiqanlı xalqdır!
Gördülər, çox şey gördülər! Və görmələri yaxşı oldu! Çünki onlar gördüklərini bütün dünyaya çatdırmağa davam edəcəklər!
Şər maşını dayanmadı!
Bir ovuc miskin ünsür də vardı. Bizdən olub bizə arxa çevirən bu bədbəxtlər də o günlərdə boş dayanmadılar!
Prezidentə, ailəsinə, yaxın ətrafına şəri şər ardınca atdılar!
O qədər iyrənc idi ki, bu ünsürlər həmin günlərdə!
Daha kimi hədəfə almırdılar?
Prezident ailəsi bunlara bəs etmirdi, COP29-da ən öndə gedən – əsas rol alanlar da sürəkli şəkildə bunların çirkin hədəfində idi!
Amma bu bədbəxtlər bir şeyi unudurdular hər zamankı kimi: nə Prezident və onun ailə üzvləri, nə də onun köməkçiləri – komandası belə iyrənc hücumların qarşısında geri çəkilmir, çəkilməyəcək də!
Bir sözlə, Azərbaycan COP29-u bu qədər mükəmməl keçirməklə özünü dünyaya yenidən və daha üst keyfiyyətdə təqdim etdi. Teatr dilində desək, COP29 Azərbaycan üçün bir premyera oldu! Həm də anşlaqla keçən premyera!
Sonda: COP29-dan az əvvəl Bakıdakı güclü yağışlar ciddi müzakirələrə yol açmışdı. Fürsətçilər də ondan istifadə edib dövlətə yüklənmişdilər. Onlar arzu edirdilər ki, COP29 günlərində nəsə xoşagəlməz hallar olsun, özəlliklə də hava üzünü çöndərsin. Amma olmadı! Təbiətin özü belə Azərbaycanın bu xoş məramına töhfəsini verərək bədxahlarımızın qanını qaraltdı! Düz deyiblər, niyyət saf olanda ana təbiət də insanın tərəfində olur. Necə ki, COP29 günlərində İlham Əliyevin şəxsində Azərbaycan xalqının tərəfində oldu!
İlk şərhi yaza bilərsiniz