BAYRAQDAR MEDİA – Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) daxil olub.
Xəbərdə deyilir ki, “yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə TƏBİB tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları əhalinin məskunlaşması, tələbatı, stansiyaların geolokasiyası nəzərə alınaraq yenidən təşkil olunur. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanıb. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub”.
Daha sonra xəbərdə, “həyata keçirilən təkmilləşdirmə işlərinin tərkib hissəsi olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib. Son illərdə Sabunçu rayonu ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədi ilə yaradılan filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək. Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən 3 otaq və 1 mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub” deyə qeyd edilir.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub.
Əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.
İlk şərhi yaza bilərsiniz