Son yeniləmə: 25 Noyabr 2024 14:33
Dr. Yücel Karauz: Qalib Azərbaycan dünya düzənində apardığı ağıllı və qətiyyətli siyasəti ilə həmin məkrli dairələrin bütün planlarını puç etdi
BAYRAQDAR MEDİA – “COP29 bu günə qədər keçirilən COP-lar içərisində ən yaddaqalan, mühüm qərarların qəbul olunduğu və iştirakçıların sayının çoxluğu ilə fərqlənən bir beynəlxalq tədbir kimi tarixə düşdü”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Onun sözlərinə görə COP29 günlərində 170 ölkədən 70 minə yaxın iştirakçının, o cümlədən 3 min media təmsilçisinin bu tədbirdə iştirakı özü elə çox şey deyir: “Yəni bu, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un necə də diqqət mərkəzində olduğunu, beynəlxalq aləmin bu tədbirə necə böyük maraq göstərdiyini açıq şəkildə nümayiş etdirir. Bu, həm də Azərbaycana olan etimadın, Azərbaycanın bundan əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi bu dəfə də bir ev sahibi olaraq ortaya yüksək bir nümunə qoyacağına olan inamın nəticəsi idi. Çünki Azərbaycan bundan öncə müxtəlif istiqamətli beynəlxalq tədbirlərə uğurla ev sahibliyə edib. Hər belə tədbirdən sonra isə iştirakçılardan, ayrı-ayrı dövlət və hökumət başçılarından “bundan sonra bu tədbiri Azərbaycanda olduğu kimi yüksək səviyyədə keçirmək çətin olacaq” kimi fikirlər eşidilib. Yəni bundan irəli gələrək beynəlxalq aləm Azərbaycanın COP29-a ev sahibliyi zamanı da bir nümunə ortaya qoyacağına inanırdı”.
Dr. Yücel Karauz deyib ki, bu inam da öz təsidiqini tapdı: “Məmuniyyətlə qeyd etməliyik ki, Azərbaycan bu dəfə də öz fərqliliyini nümayiş etdirdi. Qardaş Azərbaycan bu dəfə də yüksək səviyyəli ev sahibliyi nümunəsini ortaya qoydu və yenə də tarix yazdı. Bir sözlə, COP29 BMT-nin bayrağı altında keçirilən qlobal əhəmiyyətli bir tədbir idi və Azərbaycan yüksək səviyyəli ev sahibliyi ilə bir daha beynəlxalq sınaqdan uğurla çıxdı”.
Türkiyəli general deyib ki, bunların əsasında Azərbaycan dövlətinin bütün proseslərə, ona göstərilən etimada həddən ziyadə yüksək səviyyədə məsuliyyətlə yanaşması, üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirilməsi, qətiyyətli mövqeyi, həmçinin dövlət-xalq birliyi dayanır: “Məlum olduğu kimi COP29 ərəfəsində Batıdakı bəzi dairələr bu mötəbər tədbirin boykot olunması üçün cəhdlər etdilər. Eyni zamanda COP29 günlərində, hətta sonuncu gün belə həmin qüvvələr Azərbaycana qarşı haqsız hücumlarını davam etdirdilər. Lakin onlar yenə də məğlub oldular. Çünki qalib Azərbaycan dünya düzənində apardığı ağıllı və qətiyyətli siyasəti ilə, həmçinin ölkədə olan Dövlət-Prezident-Xalq birliyi ilə həmin məkrli dairələrin bütün planlarını puç etdi. Azərbaycan həm də bu dairələrin bir daha dünya düzənində ifşa olunmasına nail oldu. Bütün dünya gördü ki, Azərbaycana qarşı çıxan həmin dairləri heç də bəşəriyyətin gələcəyi maraqlandırmır. Onları yalnız öz dar istəklərinin təmin olunması maraqlandırır. Azərbaycan isə müstəqil siyasət yürütdüyü üçün bu həmin dairələri qıcıqlandırır. Nəticədə də onlar ekoloji problemlərə, iqlim dəyişikliyi ilə mübarizəyə, bir sözlə dünyanın gələcəyinə həsr edilmiş bir tədbiri də siyasiləşdirməyə cəhd etdilər. Lakin ifşa və məğlub oldular. Təbii ki, biz də 85 milyonluq Türkiyə Cümhuriyyəti və bu cümhuriyyətin vətəndaşları olaraq qardaş Azərbaycanı bu uğruna, beynəlxalq səviyyədə əldə edilən növbəti nailiyyətə görə təbrik edirik”.
İlk şərhi yaza bilərsiniz