BAYRAQDAR MEDİA müəllim, təmsilçi şair Mehrəli Qulunun “İki sərçənin mükaliməsi” adlı ən yeni təmsilini təqdim edir:
Tarlada şlyapalı
Bir gözətçi durmuşdu.
İki sərçə sakitcə
Budaqda oturmuşdu.
Bilmirdilər gözətçi
Müqəvvadır, ya insan?
Günəbaxan dənləmək
Olmayacaqdı asan!..
Birinci sərçə dedi:
– “İnsandır, çıxıb gedək!”
İkinci sərçə dedi:
– Dayan, bir az səbr edək!”
İkinci sərçə uçub,
Dövr eləyib qayıtdı,
Sevincək fikir çəkən
Yoldaşını ayıltdı:
– “Dostum, o müqəvvadır,
Soruşma, bildim nədən?
Çünki onun əlində
Telefon görmədim mən!”
İlk şərhi yaza bilərsiniz