Press "Enter" to skip to content

Nazirlikdə xidməti müşavirə

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Noyabrın 23-də Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb”.

Sonra xəbərdə, “xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiq göstərişlər verib. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması məqsədi ilə müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə də hərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin və keyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub. Həmçinin ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar və onların müsbət nəticələri müşavirədə diqqətə çatdırılıb. Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik və bacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsi istiqamətində görülən işlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib. Müşavirədə Azərbaycan Ordusunda hərbi intizam qaydalarına ciddi riayət edildiyi, mövcud intizam göstəricilərinin yüksək olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Ordusunda şəxsi heyətin gündəlik məişət şəraitinin, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin, komandir və rəis heyətinin tabelikdə olanlara qarşı diqqət və qayğısının, həmçinin nizamnamə tələblərinə uyğun hərbi nəzakət qaydalarının real vəziyyətini öyrənmək məqsədi ilə mütəmadi yoxlamalar keçirilib və aşkar olunan neqativ hallara qarşı ciddi tədbirlər görülüb. Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib”.

Nazir Prezidentin müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.

Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı müraciəti və digər çıxışlarından irəli gələn tapşırıqlara toxunan müdafiə naziri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanması üçün dövlət başçısı tərəfindən bütün imkanların yaradıldığını qeyd edib. Müdafiə naziri bildirib ki, İ.Əliyevin Azərbaycan Ordusunun gücünü, hərbçilərin peşəkarlığını, fədakarlığını bir daha qeyd etməsi şəxsi heyəti daha da ruhlandırır və istənilən təxribatlara qarşı məsuliyyəti artırır. Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.