BAYRAQDAR MEDİA – Noyabrın 22-də Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatı təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “təqdimat mərasimindən əvvəl M.Ələkbərzadə Petropavlovsk qalasında fəxri qonaqlar üçün nəzərdə tutulmuş topdan atəş açıb. Mükafatı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko təqdim edib.
M.Ələkbərzadə yüksək etimad üçün Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasına təşəkkürünü bildirib. O, çıxışında qeyd edib ki, yazıçı və filosof Ç.Aytmatov onun üçün həm milli, həm də bəşəri anlam daşıyan imzadır: “O, bütün dünyada oxşar taleləri yaşayan və gələcək haqqında eyni düşüncədə olan xalqların hamısının yazıçısıdır. Bu gün məhz Çingiz Aytmatov mükafatının təqdim edildiyi bir vaxtda Azərbaycanda – Akademik Milli Dram Teatrında onun “Əsrə bərabər gün” tamaşası nümayiş etdirilir”.
Daha sonra xəbərdə, “təqdimat mərasimindən sonra Milli Məclisin sədri Sahibə Qafarova yüksək mükafata layiq görülməsi münasibəti ilə M.Ələkbərzadəni təbrik edib. Qeyd edək ki, M.Ələkbərzadənin namizədliyi bu ilin iyul ayında Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyası tərəfindən irəli sürülüb. Komissiyanın sədri – Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov M.Ələkbərzadənin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib” deyə qeyd olunur.
Bildirək ki, MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir. M.Ələkbərzadə bu mükafata layiq görülən ilk qadın sənətkardır. O, mükafata Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.
İlk şərhi yaza bilərsiniz