BAYRAQDAR MEDİA – Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Avstriya, Macarıstan, Bolqarıstan və Rumıniya xarici işlər nazirlərinin görüşünün ardından sonuncu iki ölkənin 2025-ci il yanvarın 1-dən Şengen zonasına tam açılması ilə bağlı razılıq əldə edilib.
Bu haqda xəbəri Macarıstanın xarici işlər üzrə dövlət katibi Zoltan Kovaç özünün sosial şəbəkə hesabında yayıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen də öz sosial media hesabında bu qərarı alqışlayaraq yazıb: “Bolqarıstan və Rumıniya tam olaraq Şengen bölgəsinə aiddir”.
Əlavə edək ki, qardaş Türkiyə ilə quru sərhədləri olan Bolqarıstanın bundan sonra bu istiqamətdə nəzarət-keçid tədbirlərini artırması lazım olacaq.
Onu da qeyd edək ki, Bolqarıstan və Rumıniya Şengen razılaşmasına 2024-cü il martın 31-də qoşulub. Lakin hələlik bu iki ölkə yalnız hava və su yollarında maneəsiz keçidi təmin edə bilir. Yuxarıda sözügedən razılıq əldə edildiyi üçün artıq növbəti ilin yanvarından quru sərhədləri də bu ölkələr üçün açıq olacaq.
İlk şərhi yaza bilərsiniz