BAYRAQDAR MEDİA – ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp iki gün öncə türk əsilli vətəndaş Dr. Mehmet Özü vəzifələndirəcəyini açıqlayıb. O, elan edib ki, Dr. Mehmet Öz Administrasiyada vacib federal qurumlardan birinə – Tibbi Qayğı və Tibbi Yardım Mərkəzləri Xidmətinə rəhbərlik edəcək.
Məsələylə bağlı Dr. Mehmet Öz də şəxsi sosial media hesabında paylaşım edərək bu təyinatdan şərəf duyduğunu bildirib. O, “Amerikanı Yenidən Sağlam Elə” (Make America Healthy Again) şüarı yazaraq yeni vəzifədə ölkəsinə xidmətə başlayacağı günü gözlədiyini yazıb.
Dr. Mehmet Öz yeni xidmətə başlayacağını gözlədiyi anda biz də ABŞ-dəki məlum türkofob şəbəkənin reaksiyasını “səbirsizliklə” gözləyirdik…
Amma o şəbəkə bizi çox gözlətmədi. Şəbəkənin ən öndə gedənlərindən olan, açıq erməni maşası, konqresmen Frenk Pallone bizi çox da intizarda saxlamadı…
Donald Trampın elanının mürəkkəbi qurumamış Frenk Pallone özünü yetirdi ki, bəs, Prezident “təcrübəsiz bir adamı belə bir vacib vəzifəyə təyin etməklə Amerikalıların sağlamlığını təhlükə altına atır”.
Frenk Pallone iddia edir ki, Donalt Trampı vətəndaşların sağlamlığı heç narahat eləmir…
Təəccüblənmirik buna da. Çünki Frenk Palloneni ABŞ vətəndaşlarının sağlamlığı deyil, bir türkün Prezidentin belə yüksək etimadına layiq görülməsidir narahat edən…
Bəs Dr. Mehmet Öz kimdir?
Yetərincə məşhur olan bu həkim haqqında açıq mənbələrdə istənilən qədər məlumat var. Bu məlumatlara baxanda bilinir ki, Donald Tramp heç də təsadüfi bir adamı vəzifəyə təyin etmir.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq Dr. Mehmet Öz haqqında qısaca məlumat verək.
Şəxsi internet saytında sözügedən şəxs belə təqdim edilir: “Dr. Oz dünyaca məşhur qəlb cərrahıdır, HealthCorps-un qurucusudur, Kolumbiya Universitetinin professorudur və “The Dr. Oz Show” proqramının Emmi mükafatçısı olan aparıcısıdır”.
Elə tək bu cümlə Dr. Mehmet Özün təyinatının təsadüfi olmadığını göstərməyə yetər. Əlbəttə, məsələ burada qapansaydı yəqin ki, Frenk Pallone sakit durardı. Amma axı bu şəxs tərtəmiz bir türkdür, Frenk necə sakit dursun buna?
Yenə də açıq mənbələrdən oxuyuruq: Dr. Mehmet Öz 1960-cı ildə Kentukkidə anadan olub. Onun atası Mustafa və anası Suna Türkiyənin Konya şəhərindən ABŞ-yə köçüb. Onlar burada dünyaya gəlmiş körpəyə böyük Sultan Mehmet Fatihin şərəfinə Mehmet adı veriblər…
İndi Frenk Pallone cin atına minməsin də, nə etsin? Sultan Mehmet Fatihin adını daşıyan bir türk gəlib ABŞ-də federal bir qurumun rəhbəri olur? Frenk və onun erməni havadarları mütləq buna bir qara yaxmalıdır axı!
Amma boşuna özlərini yorur bunlar. Çünki Dr. Mehmet Öz ABŞ-də yetərincə tanınan, sevilən bir həkim, siyasətçi, TV aparıcısıdır.
Üstəlik onun 8 kitabı The New York Times qəzetinin ən çox satılanları (bestseller) siyahısındadır! Yəni adam sadəcə həkim kimi məşhur və peşəkar deyil ki. O, həm də TV aparıcısı, yazar kimi də ABŞ insanının könlündə taxt qurub. Özü də çoxdan. Donald Trampın onu seçməsi də elə buna görədir…
İlk şərhi yaza bilərsiniz