Press "Enter" to skip to content

2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Müşavirə zamanı

Son yeniləmə: 21 Noyabr 2024 11:03

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali-baş komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri ildən-ilə davamlı inkişaf etməkdə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində mühüm layihələr icra olunmaqdadır: “Xüsusilə işğaldan azad olunan regionların bərpası istiqamətində həyata keçirilən layihələrin icrası, o cümlədən iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi istiqamətində görülən tədbirlərmühüm əhəmiyyətə malikdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın növbəti dövr üzrə sosial-iqtisadi inkişaf proqnozları ətraflı təhlil edilmiş, muxtar respublikanın büdcəsinin gəlir və xərcləri proqnozlaşdırılmış və müvafiq layihə sənədləri hökumətin müzakirəsinə təqdim edilməsi üçün aidiyyəti üzrə hazırlanmışdır.Təsdiq edilmək üçün təqdim olunan büdcə layihəsi muxtar respublikanın iqtisadi inkişafının müvafiq qaydada tənzimlənməsində xüsusi əhəmiyyətə malik olacağı vurğulanmışdır”.

Məlumata görə, Baş nazir hər bir qurumun aidiyyəti üzrə fəaliyyətinin təşkili və muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verməsi üçün layihələrin tərtibatı və icrasında səmərəliliyin nəzərə alınmasının əhəmiyyətini, ən əsası xərclərin zəruri istiqamətlər üzrə müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Xəbərdə deyilir ki, daha sonra Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov çıxış edib. O, diqqətə çatdırıb ki, 2025-ci il üçün Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri 527 milyin 959 min manat məbləğində proqnozlaşdırılır: “Maliyyə naziri büdcə gəlirlərinin əsas formalaşma mənbələrinə dair müvafiq məlumatlar təqdim etmişdir. Belə ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri üzrə proqnozun 191 milyin 484 min manatı və ya 36,3 faizi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 17 milyon 469 min manat və ya 10 faiz çox nəzərdə tutulmuşdur. Gəlirlər üzrə proqnozun 12 milyon manatı və ya 2,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 816 manat az nəzərdə tutulmuşdur”.

Həsən İsmayılov onu da diqqətə çatdırıb ki, 2025-ci ilə Naxçıvan Muxtar Respublika büdcəsinin xərcləri 540 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 735 min manat və ya 0,1 faiz çoxdur: “Bildirilmişdir ki, 2025-ci il Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi gəlirlərin və xərclərin optimallaşdırılması, Naxçıvan Muxtar Respublika büdcəsi xərclərinin səmərəliliyinin daha da artırılması, qanunvericilik, hüquq-mühafizə, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrin infrastrukturunun, maddi texniki bazasının yenilənməsi, habelə Naxçıvan Muxtar Respublika büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanmışdır”.

Məlumatda daha sonra deyilir ki, müşavirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsini icra edən Abbas İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Fərid Bağırzadənin çıxışları dinlənilib.

Sonda 2025-ci ilin büdcə layihəsinin Naxçıvan MuxtarRespublikası Ali Məclisinin müzakirəsinə göndərilməsi qərara alınıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.