Son yeniləmə: 20 Noyabr 2024 11:18
BAYRAQDAR MEDİA – Şikayət şikayət ardınca. İnciklik baş alıb gedir. Azərbaycandan inciyirlər, şikayətlənirlər. İddia edirlər ki, bu kiçik Güney Qafqaz ölkəsi dünyanın böyük güclərini saymır, hətta onların daxili işlərinə qarışır.
…Noyabrın 19-da Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki səfirini dəvət edərək ona öz narazılığını bildirib. Ki, sən demə Azərbaycan onların daxili işlərinə qarışır, Fransaya qarşı hücumlar edir və bu da qəbuledilməzdir…
Təsəvvür edirsiniz? Azərbaycan kimi müstəqilliyini cəmi 34 il öncə bərpa etmiş kiçik bir dövlət Fransa, onun timsalında da Avropa Birliyinin daxili işlərinə qarışırmış!
Nə imiş bu “daxili işlər”? Fransanın insan haqlarını pozmasını gündəmdə tutur Azərbaycan!
Bəs deyirdiniz insan haqları heç bir dövlətin – ölkənin daxili işləri sayıla bilməz? İndi nə oldu, sıra sizə gələndə bu bəşəri dəyər “daxili işlər” oldu?
Azərbaycan və onun rəhbəri İlham Əliyev hazırda dünya gündəmində ən çox müzakirə edilən liderə çevrilib. Bir tərəfdə ABŞ-nin növbəti dəfə prezidenti seçilmiş Donald Trampın, digər tərəfdə də İlham Əliyevin müzakirəsi gedir. Bütün dünya həm də Azərbaycana diqqət kəsilib. Bu isə bədxahlarımızı ciddi narahat edir. Ona görə də oturub-durub bizi hansısa ölkənin “daxili işləri”nə qarışmaqda ittiham edirlər…
Bir də bu məşhur Frenk Pallone var. ABŞ konqresmeni. Üzündən-gözündən ermənilik yağan birisi. Əlbəttə, kiminsə erməni millətindən olması ilə işimiz yoxdur. Sadəcə erməni olmadığı halda ermənidən çox ermənilik edənlər adamın “diqqətini çəkir”…
Frenk Pallone ötən həftə COP29-da iştirak üçün Azərbaycana gəlmişdi. Adam elə ilk andan vətəndaş cəmiyyətinin etirazı ilə qarşılandı, media da bu erməni uzantısına yaddaqalan anlar yaşatdı. Amma yenə də dəxli olmadan iddia elədi ki, Azərbaycan hakimiyyəti onu sıxışdırıbmış…
Bu Frenk Palloneyə xatırlatmaq istərdik ki, onun bu iddiası da digər erməni havalı iddiaları kimi çürükdür, əsassızdır. Bu münasibətin arxasındakı Azərbaycan hakimiyyəti deyil. Sadəcə illərdir sənin haqsız və həyasız hücumlarından əziyyət çəkən Azərbaycan cəmiyyətindən başqa nə münasibət gözləyirdin ki?
Azərbaycan Prezidenti də adama yerini göstərdi: ABŞ nümayəndə heyətini qəbul edərkən Frenki qapı arxasında saxladı. Yəni sən bu qədər yüksək hörmətə layiq deyilsən!
Frenk da nə etdi? Sakitcə Azərbaycandan getdi. Gedincə də ölkəsinə çatıb senator Ed Markini də yanına alaraq bir canlı efir açdı, düz 25 dəqiqə ərzində yenə də Azərbaycana qarşı yalan-böhtan – hədyan yağdırdı!
Adama deyərlər ki, Azərbaycana sözünüz vardısa, hazır gəlmişdiniz də, elə Bakıda deyərdiniz deyəcəyinizi. Onsuz da bir dəstə jurnalist sizin arxanızca düşüb cəmi bir suala cavab almaq istəyirdi. Cavab verəydiniz, əlavə də istədiyinizi deyəydiniz! Demədiniz, uzağa çəkilib oradan yenə də üstümüzə şığıyırsınız…
Yeri gəlmişkən xatırladım ki, Frenk Pallone və Ed Marki oktyabr ayında Dövlət katibi Entoni Blinkenə 60 senator və konqresmenin Azərbaycanla bağlı müraciətinin həmmüəllifidir. Onlar o müraciətdə səs-səsə verib ölkəmizi yerdən yerə vurur, iddia edirdilər ki, Azərbaycan erməni “siyasi məhbuslar”ı, “savaş əsirləri”ni, “girovlar”ını qeyd-şərtsiz azadlığa buraxmalıdır…
İndi də bu adam utanmadan Azərbaycana gəlir, hələ üstəlik Prezident İlham Əliyevlə görüşmək şərəfinə iddia edir! Azərbaycan Prezidenti niyə belə bir adamı şərəfləndirsin ki?..
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial mediada bu Frenklə Edə gərəkli cavabı verib. Maraqlıdır ki, adamlar açıq-aşkar yalan danışır və ona görə də Hikmət Hacıyev onlara maddə-maddə izah edir ki, Bakıda olanda nə danışıblar, necə danışıblar. Amma faydası olacaqmı? Onlar üçün çətin. Lakin beynəlxalq ictimaiyyət, özəlliklə də bu məsələlərlə məşğul olanlar üçün, əlbəttə…
Belə “çaxçax”lar baş ağrıtsa da COP29 öz işindədir. Həm də mükəmməl bir şəkildə. Dünya mediasının – dünya dövlətlərinin diqqəti artıq ikinci həftədir ki, Azərbaycanın üzərindədir. Yəni dəyirman öz işindədir…
Deyirəm, illərdir beləcə üstümüzə gəlirlər. Dövlət və millət olaraq cavab veririk, hələ artığını da edirik. İndi də gəlsinlər. Gələcəkləri varsa, görəcəkləri də hər zamankı kimi olacaq…
Sonda: Bu Frenk Pallone Bakıda olarkən niyə azad media nümayəndələrinin bir sualına belə cavab vermədi? Bəs harda qaldı media azadlığı, ifadə azadlığı, ictimai maraqlar? Adama deyərlər ki, okeanın o tayında oturub Azərbaycanda media azadlığından danışırsan, Bakıya gələndə də bir jurnalistin belə sualına cavab vermək istəmirsən? Necə anlayaq bunu? Budur sənin media azadlığı anlayışın?..
Lap sonda: İndi kimsə çıxıb deyəcək ki, burda yazmaqla deyil, Frenk Pallonenin özünə cavab vermək lazımdır. Düz də deyəcək. Elə belə də edirəm illərdir. Mən şəxsən bu cür adamlara çox vaxt Azərbaycanda heç reaksiya da vermədiyim halda özlərinə mütləq münasibət bildirirəm, etiraz edirəm, sözümü deyirəm. Bu dəfə də demişəm…
İlk şərhi yaza bilərsiniz