Əkbər Qoşalı: COP29 öz yerində, qarşıdakı COP30 platforması da, bu təcrübələri beynəlxalq ictimaiyyətə tanıtmaq üçün önəmli fürsət olacaqdır
BAYRAQDAR MEDİA – “Bəzi ağzıgöyçək, diliçirkinlər iddia edir ki, COP29-un Azərbaycanda keçirilməsi elə göydəndüşmə bir almaymış. Guya, Doğu Avropada başqa iddiaçı ya yoxuymuş ya da iddiaçı dövlətlər BMT TŞ daimi üzvlərindən biri tərəfindən topdan bloklanıbmış (yaxud bloklana bilərmiş), o üzdən Azərbaycan tək seçim kimi alternativsiz evsahibi ola bilib”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
O, bu iddiaların heç bir əsasının olmadığını bildirib.
Ə.Qoşalı əlavə edib ki, COP30-a doğru gedərkən Azərbaycanın təcrübəsi və modeli iqlim dəyişiklikləri ilə mübarizədə önəmli örnəklər təqdim etmiş olacaq: “Respublikamız “Paris Sazişi”nin məqsədlərinə uyğun olaraq, istixana qazı emissiyalarını azaltmaq, enerji effektivliyini artırmaq və bərpaolunan enerji qaynaqlarından daha geniş yararlanmaq yönündə vacib addımlarını davam etdirəcəkdir. Ümumiyyətlə, Azərbaycan COP30 üçün milli və bölgəsəl səviyyədə uğurlu bir model təqdim etmək əzmindədir. Ölkənin təcrübəsi iqlim dəyişikliyinə uyğunlaşma, təmiz texnologiyaların tətbiqi və bərpaolunan enerji sahəsində uğurları əhatə edir”.
Ə.Qoşalı bildirib ki, Azərbaycanın təcrübəsi, özəlliklə inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizədə bir örnək təşkil edir: “COP29 öz yerində, qarşıdakı COP30 platforması da, bu təcrübələri beynəlxalq ictimaiyyətə tanıtmaq üçün önəmli fürsət olacaqdır”.