Son yeniləmə: 19 Noyabr 2024 17:14
BAYRAQDAR MEDİA – Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən” adlı şeirlər toplusu nəşr etdirib.
Bu haqda xəbəri nəşrin ideya müəllifi, AYB sədrinin müavini Rəşad Məcid paylaşıb.
Xəbərdə deyilir ki, “Xalq yazıçısı, AYB-nin sədri Anar kitaba “Dünyanın yaşıllıq həsrəti” adlı ön söz yazıb. Nəşrin tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir. Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub və Birliyin rəhbəri Arzu Bağırovanın “Köksü gözəl qaya dağlara gün dəyəndə…” adlı məqaləsi də nəşrdə yer alıb. Kitabın üz qabığında görkəmli rəssam Səttar Bəhlulzadənin “Mənzərə” əsəri verilib”.
Sonra xəbərdə, ““Kitabi-Dədə Qorqud”dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanmış nəşrin adı mərhum şair Eldar Baxışın şerindən götürülüb. S.Bəhlulzadənin yaradıcılığı ilə yanaşı, kitabda Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad, Arif Əziz, Zahir Məlikli, Yusif Mirzə kimi fırça ustalarının da əsərləri var. Təbiətə şair baxışlarının ifadə olunduğu bu şeirlərdə təbiət gözəlliklərinin tərənnümünə geniş yer verilir, yaşıllığın dəyərinə və qorunmasına poetik vurğu salınır. Sözügedən kitab bədii zövq qaynağı olmaqdan əlavə, təbiəti və ədəbiyyatı sevən oxucular üçün üçün tematik baxımdan sanballı ədəbi mənbədir” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz