BAYRAQDAR MEDİA – Xaçmazda artıq 64 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısı da maraqlı və zəngin olub.
Qurumdan BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, bu dəfə həm də kitab təqdimatı keçirilib.
Toplantının açılışında çıxış edən Məclisin sədri Fərzalı Ziyanur noyabr ayının milli bayramlarla zəngin olduğunu vurğulayıb. O, qeyd edib ki, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü bu ayın payına düşür.
Fərzalı Ziyanur qeyd olunan bayramların bayram olması üçün canını fəda etmiş Vətən oğul və qızlarının xatirəsini sükutla yad etməklə tədbirin başlanmasının uyğun olacağını deyib.
Daha sonra Məclisdə qonaq qismində iştirak edən Qubalı müəllim və yazar Tahir Həsənlinin təzə çapdan çıxmış “Xaltanlı Tağı” kitabının təqdimatı olub.
Müəllif kitabla bağlı danışaraq bildirib ki, haqqında yazılan, Qubanın Xaltan kəndində yaşamış Xaltanlı Tağı Azərbaycan aşıq sənətinin önəmli və öndə gələn şəxslərindən olub. O, qeyd edib ki, 19-cu yüzilin 70-ci illərinin ortalarına qədər yaşadığı ehtimal edilən Xaltanlı Tağının yaradıcılığı yetərincə öyrənilməyib. Tahir Həsənli müəllifi olduğu kitabın bu boşluğu doldurmaq üçün kiçik bir cəhd olduğunu deyib.
Qərara alınıb ki, Xaltanlı Tağı ilə bağlı müzakirələr davam etdirilsin, onun yaradıcılığının öyrənilməsi və tanıdılması istiqamətində işlər görülsün.
Bundan sonra müəllif iştirakçılara “Xaltanlı Tağı” kitabının nüsxələrini hədiyyə edib.
Daha sonra Məclis üzvləri öz şeirlərini səsləndiriblər. Əvvəlcə xanımların çıxışları dinlənilib və onların şeirləri müzakirə edilib. Şairlərdən Mehparə Sadıqova, Rübabə Mustafa, Zərnişan, Pakizə Zal öz şeirlərini səsləndirib. Məclis üzvləri şeirlərlə bağlı müzakirə aparıb, müəlliflərə uğurlar diləyiblər.
Sonrakı mərhələdə Məclisin sədri Fərzalı Ziyanurla bərabər üzvlərdən Gülümbala Nəsirli, Qərib Aşkari, Firudin Həvəskar, Səxavət Ənvəroğlu, İbrahim Ağçaylı, Mövlan Şahid şeirlər səsləndirib, fikir mübadiləsi aparıblar.
Məclisin üzvü Aqşin Dadaşoğlunun iş cədvəli ilə bağlı tədbirlərə qatıla bilməməsi nəzərə alınaraq özünün istəyi ilə şeirləri iştirakçılara təqdim edilib. Müəllifin “Şəhid Anaları bağışlasınlar”, “İsa utandı İsadan…” və “Çomağını unutma” adlı şeirlərini Azər Həsrət təqdim edib.
Eyni zamanda Məclisdə qonaq qismində iştirak edən ziyalılar da fikirlərini bölüşüblər.
Sonda Məclisin ən fəal üzvlərindən olan ədəbiyyatçı müəllim Tahir Musayev təhlillərini səsləndirib, Məclisdə müzakirə olunan məsələlərlə bağlı fikirlərini dilə gətirib.
Geniş müzakirələrlə yadda qalan Məclisin sonunda xatirə şəkli çəkdirilib.
İlk şərhi yaza bilərsiniz