Son yeniləmə: 18 Noyabr 2024 13:15
Şentürk Hoşgül: Hesab edirəm ki, hələ uzun illər dünya düzənində Azərbaycanın COP29-a necə yüksək səviyyəli ev sahibliyi etdiyi barədə yazılacaq, danışılacaq
BAYRAQDAR MEDİA – “Hər zaman beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi ilə fərqlənən qardaş Azərbaycan bu dəfə də tarix yazdı. Hər halda ötən bir həftə ərzində Bakıda cərəyan edən proseslər bizə belə deməyə əsas verir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin başqanı Şentürk Hoşgül deyib.
Onun sözlərinə görə Azərbaycan bundan öncəki digər beynəlxalq tədbirlər kimi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) da yüksək səviyyədə ev sahibliyi edir: “Media vasitəsilə son bir həftə ərzində qardaş Azərbaycanda yaşananları seyr edir və qürur hissi keçiririk. Görünən odur ki, Bakıda hər şey mükəmməl təşkil olunub. Hesab edirəm ki, hələ uzun illər dünya düzənində Azərbaycanın COP29-a necə yüksək səviyyəli ev sahibliyi etdiyi barədə yazılacaq, danışılacaq. Bu, həm qardaş Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən, həm də bütün məsələlərə necə böyük diqqət və məsuliyyətlə yanaşıldığından xəbər verir”.
Şentürk Höşgül onu da əlavə edib ki, Bakının COP29-a ev sahibliyi etməsi təkcə Azərbaycan deyil, ümumilikdə Türk dünyası üçün önəmlidir: “Məlum olduğu kimi COP29 iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əhəmiyyət kəsb edən mühüm bir tədbirdir. Bu toplantı planetimizin gələcəyini təhlükə altına alan ekoloji problemlərə qarşı birgə tədbirlər görmək və davamlı inkişaf hədəflərinə uyğun qəti addımlar atmaq istəyən tərəfdaş dövlətlərin birgə platformasıdır. Müasir dünyada ekoloji problemlərin qlobal xarakter aldığını, bu problemlərin həllinin insanlığın gələcəyi üçün mühüm önəm kəsb etdiyini nəzərə alsaq Azərbaycanın COP29-a ev sahibliyi etməsinin hansı əhəmiyyətə malik olduğunu deyə bilərik. Bu, Azərbaycanının timsalında ümumilikdə türk dünyasının ətraf mühitə, ekologiyaya, təbiətə həssas yanaşmasını bir daha ortaya qoyur. Bu baxımdan hesab edirəm ki, Bakının COP29-a ev sahibliyi etməsi etməsi təkcə Azərbaycan deyil, ümumilikdə türk dünyası üçün önəmlidir”.
İlk şərhi yaza bilərsiniz