BAYRAQDAR MEDİA – Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında” qərarına əsasən, ali təhsil pilləsi üzrə tədris və təlim-tərbiyə prosesi 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təşkil edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “noyabrın 14-dən BDU-da tədris prosesinin distant formada təşkili uğurla həyata keçirilir. BDU-nun bakalavriatura və magistratura səviyyələrində 23 mindən çox təhsilalan, 3 mindən çox müəllim “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub. BDU 2021-ci ildən etibarən ABŞ-nin təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkəti ilə əməkdaşlıq edir. “Blackboard” – tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbə və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır. BDU-nun təşəbbüsü ilə “Blackboard” sisteminin Azərbaycan dilli versiyası da yaradılıb və tətbiqi həyata keçirilib. Artıq yaradılan bütün dərslərin modulları ilk dəfə olaraq istifadəçilərə Azərbaycan dilində təklif edilib. Bundan başqa, bütün istifadəçilərə “Blackboard”ın “Ultra” variantından istifadə etmələri üçün şərait yaradılıb”.
Daha sonra xəbərdə, “sadə və intuitiv dizayna malik “Blackboard” platforması tələbə və müəllimlər arasında effektiv qarşılıqlı əlaqəni təmin etməklə bərabər, istifadəçilərə bir çox üstünlüklər verir. Müəllimlər dərs planlarını asanlıqla yaradır, kurs materiallarını paylaşır, sistem vasitəsilə müxtəlif və fərqli tapşırıqlar verərək onların avtomatik yoxlanılmasını həyata keçirə bilir. Müəllimlər onlayn tədris prosesində sistemin üstünlüklərindən yararlanaraq, interaktiv üsullardan istifadə edir, elektron formada tələbələrin davamiyyətini yoxlayır, analitik hesabatlar əldə edir. Platforma vasitəsilə tələbələrin ümumilikdə tədris materiallarına rahat əlçatanlığı təmin edilir. “Blackboard Ultra” həm müəllimlər, həm də tələbələr üçün təhsil prosesini daha rahat və effektiv edir. Müəllimlər dərs planlaşdırması və idarəetmədə böyük rahatlıq qazanır, tələbələr isə məlumatlara daha sürətli çıxış əldə edərək öz öyrənmə proseslərinə nəzarət edə bilirlər” deyə qeyd edilir.
Yekunda isə tələbələr haqqında müvafiq qeydlər BDU-nun “Elm-təhsilin idarə edilməsi sistemi”nə daxil edilir. İstifadəçilərin texniki problemlərinin həll edilməsi ilə bağlı İşçi qrupları fəaliyyət göstərir.
İlk şərhi yaza bilərsiniz