Son yeniləmə: 18 Noyabr 2024 08:47
BAYRAQDAR MEDİA – Noyabrın 16-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşası növbəti dəfə nümayiş olunub.
Səhnə əsərinin nümayişindən sonra Oskarın ruhu rolunun ifaçısı Sənan Kazımov tamaşa haqqında BAYRAQDAR MEDİA-ya danışıb: “Tamaşa indiyədək çox oynanılıb və 5 ildir repertuarımızda yer alır. Premyerası 2019-cu ilin mart ayında olub. Səhnə əsəri xərçəng xəstəliyindən əziyyət çəkən 10 yaşlı Oskarın bu xəstəliklə mübarizəsi və həyatının qalan son 10 gününü yaşamasından bəhs edir. Roza nənə xəstəxanada Oskarın xəstə baxıcısıdır. O, Oskara 1 gününü 10 il kimi yaşadır və sonuncu günün tamamında Oskarın 110 yaşı olur. O, hər yaş periodunu doğrudan da yaşayır. Yəni 20 yaşında gəncliyini yaşayır, 30 yaşında evlənir, 40 yaşında orta yaş, 50-60 yaşında yaşlanır, gücdən düşür və sonda 110 yaşında tab gətirə bilmir, ölür”.
Aktyor qeyd edib ki, Roza nənənin belə etməkdə əsas məqsədi Oskara həyatı sevdirmək, onu Allaha bağlı saxlamaqdır: “Çünki Oskar əvvəldə Allaha inanmırdı. Oskar öləndən sonra məlum olur ki, əslində Roza nənə özü də Allaha inanmayıb və Oskarı Allaha inandırmaqla özü də artıq Allaha inanmağa başlayıb. Həmçinin tamaşada Roza nənənin özünün də xərçəng xəstəsi olduğu bilinir. Əslində bu, çox ağır bir tamaşadır. Oskar Roza nənənin sayəsində 10 yaşından 110 yaşına qədər nə hisslər keçirə bilər onları öyrənir və sonda ona elə gəlir ki, 110 yaşında vəfat edir, əslində isə o, 10 yaşında vəfat edir”.
Qeyd edək ki, tamaşada Anar Səfiyev, S.Kazımov, Zemfira Əbdülsəmədova, Aygün Fətullayeva, Müşfiq Əliyev, Anar Seyfullayev, Nurlan Süleymanlı, Ramil Məmmədov, Bəhram Əliheydər, Mətləb Abışov, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Araz Pirimov, Vahid Əliyev, Zülfiyyə Alhüseynova rol alır. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
İlk şərhi yaza bilərsiniz