Son yeniləmə: 16 Noyabr 2024 07:22
Yaşız Zonada ətraf mühit, iqlim dəyişikliyi, bərpa olunan enerji və davamlılıq kimi mövzularda Türkiyənin fəaliyyətlərini təqdim edən stend hazırlanıb
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Konfrans çərçivəsində noyabrın 12-13-də Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti (Liderlər Sammiti) keçirilib.
Bu arada bəlli olub ki, Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı COP29 tədbir məkanında yerləşən Yaşıl Zonada ətraf mühit, iqlim dəyişikliyi, bərpa olunan enerji və davamlılıq kimi mövzularda Türkiyənin fəaliyyətlərini təqdim edən stend hazırlayıb: “Stendi ziyarət edənlər BMT-nin Baş katibi Antonio Quterreş və BMT-nin Sıfır Tullantı Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurasının sədri, birinci xanım Emine Erdoğan tərəfindən imzalanmaq üçün açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni rəqəmsal şəkildə imzalama imkanı qazanıblar”.
İletişim Başqanlığının açıqlamasında deyilir ki, “Birləşmiş Millətlər Təşkilatının 30 mart tarixini “Beynəlxalq Sıfır Tullantı Günü” elan etməsi ilə Türk Əsrinin ən böyük ətraf mühit hərəkatı olan “Sıfır Tullantı” dünya brendinə çevrilib. COP29 çərçivəsində İletişim Başqanlığı 11 noyabr 2024-cü il tarixində Bakıda Stratcom İctimai Forumu – Qlobal İqlim Böhranında Strateji Kommunikasiya mövzusunda dəyirmi masa təşkil edib. İclasda Türkiyə və Azərbaycan başda olmaqla bir çox ölkədən ətraf mühit və iqlim dəyişikliyi üzrə aparıcı alim və ekspertlərin, media və kommunikasiya sahəsinin nümayəndələrinin iştirakı ilə ətraf mühit və iqlim dəyişikliyi məsələləri müxtəlif aspektlərdən qiymətləndirilib. “Dünya ümumi evimizdir” vurğusu çərçivəsində gələcək proqnozlar və həll yolları ilə bağlı məsləhətləşmələr aparılıb”.
Məlumata əsasən, “Sıfır Tullantı” mövzusu ilə qurulan İletişim Başqanlığı stendində ziyarətçilərə Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı siyasət və təşəbbüslərini, Türkiyənin 2053 Net Sıfır Emissiya Hədəfləri çərçivəsində qərarlı mövqeyini izah edən videolar, infoqrafika və qısametrajlı filmlər nümayiş etdirilir: “Stenddə Türkiyənin endemik bitkiləri və nəsli kəsilməkdə olan heyvanlarının rəqəmsal tanıtımlarının tədbir boyu nümayiş olunacağı holoqram sahəsi var. Ziyarətçilərə təkrar emal olunmuş parçalar, kağız və üzvi materiallardan hazırlanmış məhsulların nümayiş olunduğu təkrar emal sərgisi də təqdim olunur. Yaşıl Türkiyə sərgisi Türkiyənin bənzərsiz yaşıl sərvətini beynəlxalq ictimaiyyətə tanıtmaq və Türkiyənin yaşıl gələcəyin qurulmasında aparıcı roluna diqqət çəkmək məqsədi ilə rəqəmsal olaraq keçirilir. Stend ziyarətçilərinə Türkiyənin ətraf mühit, iqlim dəyişikliyi və davamlı inkişaf perspektivlərini və qlobal ekoloji problemlərə həll yollarını açıqlayan müxtəlif nəşrlər təqdim olunur”.
COP29 zamanı ziyarətçilərə açıq olan İletişim Başqanlığı stendində Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi diplomatiyasındakı aparıcı rolu, xüsusilə Sıfır Tullantı Layihəsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
İlk şərhi yaza bilərsiniz