Son yeniləmə: 16 Noyabr 2024 07:34
BAYRAQDAR MEDİA – “Ordubad – mənbələr və formalaşması” adlı kitab çapdan çıxıb. “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən ərsəyə gətirilmiş bu kitab Ordubadın unikallığını bariz şəkildə əks etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Tusi” Xeyriyyə Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, “monoqrafiya Ordubad qoruq ərazisinin tarix-mədəniyyət abidələrinin konfiqurasiyasından, eləcə də tikinti, şəhərsalma və arxitekturasından bəhs olunan müfəssəl elmi-tədqiqat işidir. Kitabda Ordubad şəhərinin memarlıq-planlaşdırma xüsusiyyətləri, şəhər mərkəzinin inkişafı, yaşayış məhlələrinin, mülki qurğularının memarlığı, mühəndis kommunikasiya sistemlərinin quruluşu araşdırılmış və öyrənilmişdir”.
Məlumata əsasən, yeni redaktədəki nəşrdə Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı və Nazirlər Kabinetinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nə dair Qərarı yer alıb: “İlk dəfə ruscadan Azərbaycan dilinə tərcümə edilmiş Ordubadın tarixi-memarlıq abidələri haqqında belə hərtərəfli qaynaq müasir dövrdə də elmi və dövlət müəssisələri, o cümlədən yeni mərhələ və nəsil üçün zəngin məlumat bazası – informasiya mənbəyidir. Akademik çap Ordubad rayonunun Baş planının təkmil işlənilib-hazırlanmasında dəyərli mənbə ola və bu işə töhfə verə bilər. Kitab geniş oxucu kütləsi, ali məktəb müəllimləri və tələbələri, habelə memarlar, planlaşdırma və tikinti təşkilatları üçün nəzərdə tutulmuşdur. Geniş məzmunlu-Ordubadın tarix-mədəniyyət abidələrinin pasportu halında tədiq edilib hazırlanmış kitabın yeni redaktədə nəşr olunması Dövlət Başçısı İlham Əliyevin müvafiq Sərəncamına dəstəyi ifadə edir. Kitab ödənişsizdir – pulsuz paylanılır. Əldə etmək istəyənlər, “Tusi” Xeyriyyə Cəmiyyətinə müraciət edə bilərlər”.
İlk şərhi yaza bilərsiniz