Son yeniləmə: 17 Noyabr 2024 13:05
BAYRAQDAR MEDİA istedadlı şair, Azərbaycan Yazıçılar Birliyi və Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü Aqşin Dadaşoğlunun şeirlərini təqdim edir.
Şəhid anaları bağışlasınlar
Bir az gül bağında qurdalanmışam,
Bir az cücələri oynatdım səhər.
Çəpər çırpısından ocaq qaladım,
Köhnə samovarı qaynatdım səhər.
Fındıq ağacına sığal da çəkdim,
Öpdüm yanağından çiyələklərin..
Şehli torpağımda bir çiçək əkdim..
Bu gün qonağıyam kəpənəklərin..
Qurtarmır, qurtarmır bu kəndin işi,
Buluda yalvardım yağışlasınlar
Oğlum da Şuşadan gələcək sabah,
Şəhid Ataları bağışlasınlar..
Şəhid Anaları bağışlasınlar…
İsa utandı İsadan…
Deyirlər ki, gülə-gülə
Çarmıxa çəkildi İsa..
Adamlar güldü İsaya,
Adamlara güldü İsa..
Ruhu bədəndən uçurub
Göylərə çəkildi İsa..
Əlinə mismar çaldılar
Mismar utandı İsadan,
Çarmıxında yonulmamış
Taxta utandı İsadan..
Al qanında donub qalan
Laxta utandı İsadan..
Ruhu göydən baxdı, baxdı,
İsa utandı İsadan..
Sonra çarmıxdan aldılar,
Adına kitab saldılar,
Din, təriqət yaratdılar,
Eh, bu dinə qul olacaq
Neçə millət yaratdılar,
Neçə nifrət yaratdılar.
Daha nələr yaratdılar,
İsa sülhün carçısıydı
Müharibə yaratdılar..
Yer üzündə hakim oldu,
Zülm, zillət, xəstəlik, qan…
Ruhu göydən baxdı, baxdı…
İsa utandı İsadan.
Məndən sorma nə vaxt, harda?
-Xocalıda, Xocalıda
İsa utandı İsadan…
Çomağını unutma
Ömür keçir, yarı yaşa çatmışam,
Gələcəyim keçmişimə təsəlli.
Bir əlimdə çomağımı tutmuşam,
Bir əlimdə itim üçün fəsəlli.
Günlər günə, aylar aya qarışır,
Ötüb keçir başımızdan küləklər..
Çiynimdəcə bir-biriylə dalaşır,
Savab yazan, günah yazan mələklər.
Dağ uğunur mən dağımdan küsəndə,
Sonra gəlir sazaq dolu oyunlar..
Arpasını ikicə gün kəsəndə,
Bir-birinin ətin yeyir qoyunlar..
Aqşin abi, öz-özünü ovut, get,
Bu uyuyan arzuları oyatma.
Sol əlinlə verdiyini unut, get,
Sağ əlində çomağını unutma.
İlk şərhi yaza bilərsiniz