BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada iqlim dəyişikliyi istiqamətində bir sıra məqalələr yaradıb, həmçinin mövcud olan bir neçə məqaləni əsaslı redaktə edib.
X.Məmmədli həmin məqalələr haqqında BAYRAQDAR MEDİA-ya məlumat verib: “Bildiyimiz kimi, 2024-cü ili Azərbaycan Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi əbəs yerə deyildi. Məhz keçən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində keçirilən COP28-də növbəti ilin ev sahibliyi Azərbaycana ötürülmüşdü. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır və bu mötəbər tədbir hər il dünyanın müxtəlif ölkələrində keçirilir. 1992-ci ildə milli hökumətlər BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq etdilər. Bu mötəbər tədbirin gerçəkləşdirilməsi istiqamətində qəbul edilən “Kioto Protokolu”, “Paris Sazişi” onun tarixində mühüm rol oynamış sənədlərdir.”
O, bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Azərbaycandilli Vikipediyada da iqlim dəyişikliyi ilə bağlı bir çox məqalələrin yaradılması və əsaslı redaktəsinə rəvac verib: “Qeyd edim ki, bu məqalələri iki məqsədlə yaratmışam. Birincisi, əvvəldə dediyim kimi, Azərbaycan Prezidentinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini, ikincisi isə Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi istiqamətini əsas götürərək bu məqalələrin üzərində işləməyə başlamışam. Bu istiqamətdə yaratdığım məqalələr sırasına “Yer Sammiti“, “Kioto Protokolu“, “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası“, “Tərəflərin Konfransı“, “Paris sazişi (2015)“, “İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel“, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2022)“, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2023)“, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)” və digərləri aiddir”.
Bildirək ki, COP29 çərçivəsində olan tədbirlərlə bağlı, eləcə də COP29 bitəndən sonra X.Məmmədli məqalələrə müəyyən əlavələr edəcək.
İlk şərhi yaza bilərsiniz