Son yeniləmə: 15 Noyabr 2024 10:39
41 yaşlı KKTC türk dünyasının Doğu Akdenizdəki təmsilçisidir
BAYRAQDAR MEDİA – 15 noyabr dünyada daha bir türk dövlətinin – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elan olunması günüdür. Bu gün türkiyəli bacı-qardaşlarımızın “Yavru Vatan” dedikləri KKTC-nin elanının 41-ci ildönümüdür.
Tarixdən bəlli olduğu kimi, düz 41 il öncə Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın öndərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin qurulduğunu elan etdi. Lakin bu elan, ümumiyyətlə Kıbrıs türkünün varlığını qorumaq, onun dövlətinin qurulduğunu bütün dünyaya bəyan etmək heç də asan olmamışdır. Kıbrıs türk qardaşlarımız bu yolda çoxlu sayda şəhid verib, adada sözün həqiqi mənasında var olmaq mübarizəsi aparıblar.
Amma təəssüflər olsun ki, Avropa, ümumilikdə Batı, Yunanıstanın Kıbrıs adasını özünə birləşdirmək üçün ötən əsrin 40-cı illərində başlatdığı “Enosis” (birləşmək) siyasətinə təpki göstərmədi. Nəticədə də 1960-70-ci illərdə Kıbrıs türklərinin başına hansı faciələrin gətirildiyi, bu işdə 1955-ci ildə məhz Yunanıstanın birbaşa rəhbərliyi ilə yaradılan EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) terror təşkilatının hansı qanlı cinayətlər törətdiyi bütün dünyaya bəllidir.
Məhz həmin qanlı olaylar haqqında tarixi məlumatlara sahib olan hər bir vicdanlı kəs də bu fikri təsdiqləyər ki, KKTC-nin yaranması tarixi zərurətdən doğurdu. Çünki ötən əsrin 60-cı illərindən etibarən rum-yunan cütlüyü Kıbrıs türklərinə qarşı misli görünməmiş təzyiq, soyqırım siyasəti həyata keçirirdi. Buna son qoymaq üçün qardaş Türkiyə tərəfindən reallaşdırılan 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra adada yeni vəziyyət yarandı. 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin yaradıldığı elan edildi. Lakin adadakı rumların Kıbrısda hakim xalq iddiasından əl çəkmədiyini, o cümlədən Qərbin də bu antitürk mövqeyinə dəstək verdiyini görən türklər yeni və müstəqil dövlətin elan edilməsindən başqa çıxış yolunun olmadığını gördülər.
Beləliklə də 1983-cü il noyabrın 15-də KKTC rəsmən elan edildi. Elə o tarixdən bu günə kimi də dünyanın Kıbrıs türklərinə qarşı bağışlanmaz münasibəti davam edir. Daha dəqiq desək, dünyanın ədalətsizliyinin, xüsusuilə də vəhşi Batının türk və İslam aləminə qarşı amansız davranışının daha bir nümunəsi olaraq KKTC hələ də beynəlxalq aləm tərəfindən tanınmayıb.
Bu gün Doğu Akdenizdə türk dünyasının təmsilçisi olan KKTC hələ də dünyadan haqq etdiyi dəstəyi, dövlət kimi tanınmaq haqqını ala bilməyib. Bununla belə, qocaman türk dünyası KKTC-nin yanındadır. Özü də KKTC-yə türk dünyasının göstərdiyi dəstək sözdə deyil, həm də əməldə sərgilənir.
Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan KKTC-nin tez bir zamanda tamhüquqlu üzv olacağına da şübhəmiz yoxdur.
Çünki Kıbrıs türkləri azadlıq, müstəqillik və var olma mübarizələri ilə buna haqq qazanıblar.
Çünki TDT həm də dünyanın ədalətsizliklərinə qarşı dik dayanan bir qurumdur.
Çünki KKTC-nin TDT-də tamhüquqlu üzv olmasını müasir zamanın qlobal və geostrateji şərtləri də diqtə edir.
Bayramınız, bayramımız kutlu olsun!
İlk şərhi yaza bilərsiniz