BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrı qardaş Qazaxıstanın Şımkent şəhərində keçirilən Orta Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Əməkdar artist Şövqi Hüseynovun iştirakıyla gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası festival iştirakçılarının böyük marağına səbəb olub və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. Teatrın nümayəndə heyətinin üzvləri – Musiqili Teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, Ş.Hüseynov, monotamaşanın quruluşçu rejissoru Z.Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, işıqçısı Nicat Həmidov Qazaxıstanda hörmət, ehtiram və yüksək qonaqpərvərliklə qarşılandıqlarını xüsusi vurğulayaraq əziyyəti olan hər kəsə təşəkkür ediblər”.
Sonra xəbərdə deyilir ki, “istər festival iştirakçıları, istərsə də yerli media nümayəndələri tərəfindən rəğbətlə qarşılandıqlarını qeyd edən Ş.Hüseynv Azərbaycanı belə bir nüfuzlu beynəlxalq layihədə təmsil etdiyinə görə qürur duyduğunu bildirib: “Qazaxıstanın Şimkənd şəhərində ilk dəfə olsam da, gözəl təəssüratlarım tükənməzdir, çünki özümü orada yad kimi hiss etmədim, insanların doğma münasibəti hər birimizi məmnun etdi. Bir-birindən maraqlı görüşlər sadalamaqla bitməyən xoş xatirələrə çevrildi””.
Tədbirin proqramı çərçivəsində türk dövlətlərinin teatr xadimləri, incəsənət nümayəndələri ilə işgüzar görüşlərdən danışan V.Mühacirova da səfər təəssüratlarının yüksək olduğunu vurğulayıb: “Düşünürəm ki, bu cür qarşılıqlı mədəni əlaqələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Əslində, onların bizə olan doğma münasibəti Azərbaycana sevgilərinin təcəssümüdür və biz bunu hər addımda hiss etdik. Ümidvaram ki, bundan sonra da sıx əlaqələrimizi uğurla davam etdirəcəyik”.
İlk şərhi yaza bilərsiniz