Press "Enter" to skip to content

Donald Tramp ABŞ-də senzuranı ləğv edəcək

Azər Həsrət

BAYRAQDAR MEDİA – İsveçli jurnalist, siyasi şərhçi Peter İmanuelsen X sosial şəbəkə hesabında yazıb ki, “Dəlixanadır, Trampın seçkini udmasından sonra Norveçdə yardım xətləri “qorxu” içində olan adamların zəngləri ilə dolub daşır. Aparıcı media insanların beynini qarışdırıb”.

Bu paylaşıma məşhur Elon Mask belə bir qeydlə reaksiya verib: “Norveç mediası insanlara yalan danışıb. Onlar gerçəkləri öyrənmək üçün X-ə qoşulsa, yaxşı olar”.

Göründüyü kimi, artıq Qərbdə aparıcı medianın beyinləri yuması, yalan yaymasını ən yüksək səviyyədə dilə gətirənlər artır. Hələ bu bir yana, Elon Mask kimi adamlar Qərb ictimai rəyində dözümsüzlüyü də dilə gətirməyə başlayıb.

Müşahidələr də onu göstərir ki, artıq Qərbin aparıcı dövlətlərinin yüksək vəzifəli şəxsləri ən adi tənqidə – fərqli fikrə belə dözümsüz yanaşır. Bunun bariz örnəklərindən ən yenisi Fransa Prezidenti Emmanuel Makronun hazırda Bakıda keçirilən və bütün dünyanın diqqət kəsildiyi COP29-a gəlməkdən imtina etməsidir. Düzdür, Fransa nümayəndə heyəti iştirak edir, amma Prezident buraya gələcək qədər ürəkli deyil. Çünki o, Bakıda ölkəsinin müstəmləkəçilik siyasəti ilə bağlı fikirləri eşidib təmkin göstərəcək qədər ürəkli deyil.

Noyabrın 13-də bəlli olub ki, Fransa nümayəndə heyətinin əsas üzvü, ölkənin ekologiya naziri Anyes Panye Runaşer də Bakıya planlanan səfərini ləğv edib. O, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın dənizaşırı ərazilərdəki siyasətini tənqid etməsi ilə əlaqələndirib

Bunlar adi bir tənqidə belə dözümsüz yanaşırlar. Halbuki özləri illərdir Azərbaycanı yeri gəldi-gəlmədi tənqid edir, olmazın böhtanlar yağdırırlar. Amma biz yetərincə təmkinli davranır, onlara qarşı heç vaxt qərəz nümayiş etdirmirik.

Bu baxımdan COP29 Qərbin bəzi ölkələrinin iç üzünü açmaq üçün əlavə imkan oldu…

Yeri gəlmişkən, Elon Maskın yaxın dostu, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da maraqlı açıqlamaları ilə gündəmdədir. O, demək olar ki, hər gün video müraciətlər edir, vəzifəyə başlayandan sonra atacağı addımlarla bağlı fikirlərini paylaşır. Maraqlıdır ki, ABŞ-nin 47-ci Prezidenti ölkəsində rəsmi senzuranın olmasından da narahatdır. O, eyni zamanda “cinssizlik” məsələsinə də aydınlıq gətirib.

Donald Tramp açıqlama verərək bildirib ki, “mən uşaqlarımıza uyğunsuz cinsi material və transgender dəliliyi təlim edən bütün məktəblərin federal maliyyəsini kəsəcəyəm”.

Anlaşıldığı kimi, Prezident Donald Tramp ABŞ də daxil olmaqla Qərbdə baş alıb gedən “cinssizlik” əxlaqsızlığının fəsadlarından ciddi narahatdır…

Donald Trampın bizim üçün daha maraqlı bir açıqlaması da bir neçə gün öncə yayımlanıb. O, ölkəsində senzura rejiminə son verib ifadə azadlığını bərpa edəcəyini bəyan edib.

Maraqlıdır, bəs deyirdilər ABŞ-də ifadə azadlığı ideal səviyyədədir, hər cür senzura qadağandır? İndi necə olur ki, seçilmiş prezident bu məsələlərlə bağlı belə bəyanat verir?

Onu da qeyd edək ki, Donald Tramp vəzifəyə başlayacağı ilk gündə bu senzuranı bitirəcəyi ilə bağlı sənəd imzalayacağını deyib. O, əlavə edib ki, “əgər bizim ifadə azadlığımız yoxdursa, azad ölkəmiz də yoxdur”…

Donald Tramp bildirir ki, ənənəvi media davamlı şəkildə ABŞ vətəndaşlarını aldatmaqla məşğul olub. Onun bu fikrinə Elon Mask da şərik çıxıb. Sonuncu özünün sosial media hesabında etdiyi paylaşımda xüsusi olaraq qeyd edib ki, ənənəvi medianın xalqı aldatmaq cəhdlərinin qarşısını X sosial mediası ala bilib. Elon Mask insanlara çağırış edərək ənənəvi mediaya inanmamağa, sosial medianın alternativ imkanlarından istifadəyə həvəsləndirib. O, eyni zamanda vurğulayıb ki, Donald Trampın xalqa həqiqətləri çatdırması məhz sosial medianın hesabına olub və onun rəqibi Kəmalə Harris ənənəvi mediada cavab verməyə cəhd göstərsə də istəyi tam baş tutmayıb. Çünki xalqın ənənəvi mediaya etimadı artıq tükənib.

Hə, bu arada onu da deyək ki, Donald Tramp ənənəvi medianın Amerika vətəndaşlarını susdurmaq və yanıltmaqla məşğul olduğunu ayrıca qeyd edib. Yəni bizlərə tam azad, tərəfsiz kimi təqdim edilən ABŞ-nin aparıcı mediası, sən demə korporativ maraqlara daha üstünlük verir, nəinki xəbər istehlakçılarının maraqlarına…

Donald Trampın təcili atacağı addımlardan biri də “Rəqəmsal hüquqlar haqqında” Qanunun qəbulunu təmin etmək olacaq. O, bununla ABŞ vətəndaşlarının onlayn azadlığını təmin etmək fikrindədir.

Yeni-köhnə Prezident bir də Konqresə çağırış edib ki, müvafiq xidmətlərin senzuranın tətbiqi ilə bağlı dəlilləri məhv etməsinin qarşısını almaq üçün təcili hərəkətə keçmək lazımdır…

Maraqlıdır, deyilmi? Bütün bu deyilənlər “demokratiyanın beşiyi” kimi təqdim edilən ABŞ-də baş verir. Seçilmiş Prezident tam ciddiyyəti ilə bəyan edir ki, ölkədə rəsmi senzura var, ənənəvi media vətəndaşların deyil, ayrı-ayrı siyasi maraq qruplarının xidmətindədir. Yəni bizim kimi yeni demokratiyalara təqdim edilən ABŞ gülüstanlığı xülyadan başqa bir şey deyil…

Əslində biz də Donald Trampın bildiklərini bilirik, illərdir deyirik. Amma Azərbaycanda bəzi adamlar və qruplar bizi topa tutur ki, ABŞ idealdır, biz də ona şər atırıqmış. İndi çox istərdim ki, həmin adamlar və qruplar Donald Trampa da bizə verdikləri sərt cavablardan verib onun yalan danışdığını sübut etsinlər…

Mission News Theme by Compete Themes.