Son yeniləmə: 14 Noyabr 2024 08:08
Mehmet Yüce: COP29 türk dövlətləri arasında yeni layihələrin ortaya çıxmasına səbəb ola bilər
BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan müharibədən sonra da uğurlu addımlar atmaqla dünyanın diqqətindədir. Qardaş Azərbaycanın müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də atdığı addımlar təkcə region üçün deyil, ümumilikdə dünya üçün də mühüm əhəmiyyət kəsb edir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
Onun sözlərinə görə, Azərbaycan bu kontekstdə daha bir mühüm, qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir: “Məlum olduğu kimi qardaş Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Azərbaycan COP29-a ev sahibliyi etməklə ətraf mühit problemlərinə necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirir. Bu tədbir, eyni zamanda, Azərbaycanın beynəlxalq platformalardakı diplomatik əlaqələrini daha da gücləndirmək, digər ölkələrlə əməkdaşlıq imkanlarını daha da genişləndirmək imkanı yaradır”.
M.Yüce əlavə edib ki, bu tədbirin Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm hadisədir: “Azərbaycanın türk dünyasının bir parçası, özü də aparıcısı ölkəsi olduğunu nəzərə alaraq, qeyd edim ki, bu tədbirin Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, həmçinin bütün türk dünyası üçün mühüm hadisədir. Hesab edirəm ki, türk dünyasında bu tədbirə ilk dəfə ev sahibliyi etməsi isə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) statusunu da göstərir. Qırğızıstanın paytaxtında keçirilən TDT-nin XI Zirvə toplantısında qəbul olunan Bişkek Bəyannaməsində COP29-un əhəmiyyəti xüsusi vurğulandı və Azərbaycanın tədbirə ev sahibliyi etməsindən məmnunluq ifadə olundu. Çünki COP29 türk dövlətləri arasında yeni layihələrin ortaya çıxmasına səbəb ola bilər. Bu da regional fəaliyyətin artırılmasına və türkdilli ölkələrin qarşılıqlı əlaqələrini daha da inkişaf etdirərək ortaq mövqelərini möhkəmləndirməsinə xidmət edir. Bir sözlə, Bu, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir”.
İlk şərhi yaza bilərsiniz