BAYRAQDAR MEDİA – 2020-ci ilin 44 günlük Vətən savaşındakı möhtəşəm Zəfər yetişməkdə olan nəslə də öz müsbət təsirini göstərməkdədir. Bu baxımdan Bakıdakı 225 saylı məktəbin 5e sinfində oxuyan Aylin Rəşad qızı Rüstəmli də istisna deyil. O, Zəfər Günü ilə bağlı məktəbin Kiçik Akademiyasının üzvü olaraq Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş “Unudulmayan 44 gün” adlı tədbirdə şeir və qələbəyə həsr olunmuş “Zəfər Günü” adlı rəsmi ilə iştirak edib.
Bildirək ki, sözügedən məktəbin təşkilatçısı Zenfira Nusalovanın rəhbərlik etdiyi Kiçik Akademiyanın ən kiçik üzvü olan A.Rüstəmli, eyni zamanda tanınmış rejissor Larisa Tarusovanın rəhbərlik elədiyi “Günay” uşaq və gənclər teatr studiyasının balaca aktrisasıdır. O, teatr studiyasında nümayiş olunan tamaşalarda bir çox rolların ifaçısıdır.
Qeyd edək ki, A.Rüstəmli həm də Nərmin Bəhmənlinin rəhbərlik elədiyi “Maraqlı art” rəsm dərnəyinin üzvü, bir çox rəsm sərgilərinin iştirakçısıdır. Aylin, həmçinin dəfələrlə diplomlara layiq görülüb. O, həm də müxtəlif beynəlxalq şeir müsabiqələrinin qalibidir. İstedadlı Aylin 50-dən çox şeir müsabiqəsinin diplom və mükafatları ilə təltif olunub.
İlk şərhi yaza bilərsiniz