Press "Enter" to skip to content

Məktəbdə möhtəşəm Zəfər coşqusu yaşandı

Tədbirdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Özünün milli-vətənpərvər xətti ilə seçilən məktəb yenə də tarixi günə damğasını vurub. Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə “Xarıbülbülün qərənfilə müjdəsi” adlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Bildirilir ki, tədbir məktəb kollektivi və şagirdlərin birgə səyi ilə Vətən müharibəsində qazanılan Zəfərə və vətənpərvərliyin təbliğinə həsr olunub.

Tədbirdə 2-ci Qarabağ savaşının qəhrəman şəhidlərindən olan Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, millət vəkili Elçin Mirzəbəylinin köməkçisi İbrahim Bağırlı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin və İTV Yayım Şurasının üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət və Binəqədi Rayon İcra Hakimiyyətinin təhsil kuratoru Leyla Quliyeva qonaq qismində iştirak edib.

Tədbir şagirdlərin ifasında “Azadlıq” marşının səsləndirilməsi ilə açılıb. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardından da Azərbaycanın Dövlət Himni oxunub.

Sayğı duruşu və Himnin ifası
Sayğı duruşu və Himnin ifası

Xəbərdə tədbirin belə fərqli başlamasına da aydınlıq gətirilib. Bildirilib ki, “Azərbaycanın Dövlət Himni bizim üçün hər şeydən ucadır. Amma bir şeyi də unutmayaq ki, bu Himnin əbədi səslənə bilməsi üçün çox çətin bir yoldan keçməli olduq. O yolda az öncə səslənən “Azadlıq” marşı da olub. Həmin marş bir zamanlar meydanlarda səslənərək milləti səfərbər etdi. Məhz belə marşların ruhuna köklənən gənclərimiz Vətən torpaqları uğrunda canlarını fəda etdi ki, o möhtəşəm Himnimiz də əbədiyaşar olsun. Marşın sözlərinin müəllifi dəyərli millət vəkili, şair, jurnalist Elçin Mirzəbəylidir”.

Qonaqlardan Leyla Quliyeva və İbrahim Bağırlı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qazanılan uğurlardan bəhs edərək şəhidlərin, qazilərin göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Şəhid Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova həm kədərləndirən, həm də qürur dolu bir çıxışla şəhid ailələrinin də bu mübarizənin bir parçası olduğunu dilə gətirib və onların hər zaman bu torpaqların müqəddəsliyi üçün canını fəda edənləri xatırlayacaqlarını deyib.

Əməkdar jurnalist Azər Həsrət çıxışında gənclərin milli ruhda yetişməsinin vacibliyini vurğulayaraq medianın bu yolda mühüm rol oynadığını bildirib.

Sonda məktəbin direktoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət şagirdlərin yaradıcılıq təşəbbüslərini yüksək dəyərləndirib, çıxış edənlərə, məktəbin təşkilatçısı Fatimə Vəliyevaya, müəllimlərə, valideynlərə tədbirin təşkilinin yüksək səviyyədə və uğurlu olmasına böyük töhfə verdiklərinə görə təşəkkürünü bildirib.

“Bu cür tədbirlər Azərbaycanın gənc nəslinə Vətən sevgisini, milli qürur hissini aşılayır və onları gələcəyə daha hazırlıqlı, ölkəsinə daha bağlı vətəndaş kimi yetişdirir. “Xarıbülbülün qərənfilə müjdəsi” tədbiri də məhz bu amalın təzahürü kimi yadda qaldı”, – deyə xəbərdə bildirilir.

Balacalardan möhtəşəm ifa
Balacalardan möhtəşəm ifa

Qeyd edək ki, 2 saat davam edən tədbir olduqca coşqulu, həyəcan və qürur dolu səhnələrlə yadda qalıb. Məktəbin istedadlı şagirdləri müxtəlif rəqslər, mahnılar ifa edib, səhnəciklər göstəriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.