Son yeniləmə: 7 Noyabr 2024 08:07
Professor Ruhi Ersoy: Xarıbülbül təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycanın tarixi zəfərini 4-cü ildönümü, 8 Noyabr- Zəfər Günü ilə əlaqədar qardaş Türkiyədə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də noyabrın 8-də Ankaradakı “ATO Congresium Mərkəzi”ndə keçiriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Əhməd Cavad İnstitutu tərəfindən birgə təşkil olunacaq.
Məlumata əsasən, tədbir çərçivəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestrinin və Türkiyənin Prezident Simfonik Orkestrinin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə xor kollektivinin ifasında populyar əsərlər səsləndiriləcək.
Məlumatda deyilir ki, “ATO Congresium”un səhnəsində Türk dövlətlərinin tanınmış mədəniyyət xadimləri, o cümlədən Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artist Xəyyam Məmmədov (kamança) və Xalq artisti Əlixan Səmədov (balaban) da çıxış edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr olunmuş sərginin açılışı planlaşdırılıb.
Öz növbəsində Anadolu Ajansı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderinin baş müşaviri, Əhməd Cavad İnstitutuna rəhbərlik edən professor Ruhi Ersoyun tədbirlə bağlı mediaya açıqlama verdiyini qeyd edib.
Məlumata görə, açıqlamasında “Qarabağın rəmzi olan xarıbülbül çiçəyi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir” deyən professor Ruhi Ersoy bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri ötən əsrdə itirilmiş tarixi türk torpaqlarının geri qaytarılması yolunda daha bir addım olub: “Bu istiqamətdə ilk addım 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kıbrısda sülhün bərqərar edilməsi əməliyyatı olub”.
Professor “Mən Qarabağ müharibəsində bütün şəhidlərin xatirəsini ehtiramla yad edirəm. İşğal altında olan torpaqların azad edilməsi uğrunda mübarizədə Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıq Türk dünyasının qürur mənbəyinə çevrildi”, – deyə əlavə edib.
İlk şərhi yaza bilərsiniz