BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, “AzerGold” QSC bir müddət öncə Daşkəsənin Quşçu kəndində kitab köşkü açıb. Təşəbbüs təqdirlə qarşılanıb və qısa müddətdə oxucu auditoriyası da toplayıb. O da müşahidə edilir ki, artıq yazıçılar öz kitablarını bu köşkə hədiyyə edir.
Belə qələm sahiblərindən biri də tanınmış yazıçı-publisist Yunus Oğuzdur. O, sözügedən köşkə öz tarixi romanlarının hədiyyə edib.
Bu xəbəri BAYRAQDAR MEDİA yazıçının özündən öyrənib.
Bildirilir ki, “cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan “Kitab köşkü” ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək verilməsinə xidmət edir”.
O da qeyd edilir ki, “günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibdə dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı oxuduqdan sonra geri qaytarıb digər kitablardan bəhrələnir, bununla yanaşı paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da oxumasına imkan yaradırlar”.
Məlumata görə, köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab oxumuş oxuculara “AzerGold” həvəsləndirici hədiyyələr təqdim edəcək.
İlk şərhi yaza bilərsiniz