Press "Enter" to skip to content

Bişkek Zirvəsi də tarixi qərarlarla yadda qaldı

Dr. Yücel Karauz

Son yeniləmə: 7 Noyabr 2024 10:15

Dr. Yücel Karauz: Qlobal arenada güc mərkəzi olmaq iddiasını ortaya qoyan TDT hərbi təhlükəsizliyin gücləndirilməsi, o cümlədən fəlakətlər və fövqəladə hallara qarşı birgə mübarizə üçün konkret addımlar atır

BAYRAQDAR MEDİA – “Bundan öncə də dəfələrlə qeyd etdiyimiz kimi dünyada baş verən proseslər, toqquşmalar, qarşıdurmalar, ölkələri və dövlətlərin bir araya gəldiyi birlikləri öz təhlükəsizliyini qorumaq üçün addım atmağa sövq edir. Bu baxımdan qlobal bir güc olaraq meydana çıxmağı qarşısına hədəf qoyan Türk Dövlətləri Təşkilatı (TDT) da öz çətiri altında bir araya gətirdiyi ölkələrin təhlükəsizliyinin təmini məsələsini düşünməlidir. Bu il ərzində istər Şuşada, istərsə də Bişkekdə qəbul edilən qərarlar onu deməyə əsas verir ki, TDT deyilən istiqamətdə qətiyyətli addımlar atmaqda qərarlıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlərinə görə, 2024-cü iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu baxımdan mühüm bir tədbir kimi tarixə düsdü: “Şuşa Zirvəsində qəbul edilən Qarabağ Bəyannaməsində məhz yuxarıda bəhs etdiyimiz məqamlara toxunulur. Bəyannamənin girişində öz əksini tapan “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək” sözləri Şuşa Zirvəsinin məhz bu məqam üzərində kökləndiyini nümayiş etdirir. Yəni görünən odur ki, TDT hazırda dünyada baş verən proseslərdən narahatdır. Eyni zamanda narahat olmaqla işini bitmiş hesab etmir və üzv ölkələrin potensial təhlükədən qorunması üçün addımlar atmaqdadır. Bunun da mərkəzində ortaq müdafiə və təhlükəsizlik strategiyasının reallaşdırılması dayana bilər”.

Dr.Yücel Karauz deyib ki, eyni qərarlılıq Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə də sərgiləndi: “Mən bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına diqqəti yönəltmək istəyirəm. Cənab İlham Əliyev bəyan etdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Cənab Prezidentin də bəyan etdiyi kimi ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Hesab edirəm ki, bu istiqamətdə addımlar daha da intensiv hal alacaq”.

Türkiyəli general qeyd edib ki, bu kontekstdə digər bir vacib məsələ də hər hansı fövqəladə hadisələrə hazırlıqlı olmaqdır: “Bişkek Zirvəsində bu məsələ də xüsusi müzakirə olundu, həmçinin Bişkek Bəyannaməsində bununal bağlı xüsusi bənd öz əksini tapdı. Həmin bənddə deyilir: “Fəlakətlər və fövqəladə hallarda ehtiyacların effektiv, əlaqələndirilmiş və sürətli şəkildə ödənilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi orqanları arasında əməkdaşlığı gücləndirəcək TDT Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin imzalanmasını alqışlayaraq”. Göründüyü kimi bizim son illər israrla üzərində durduğumuz daha bir məsələ artıq öz həllini tapır. Ümumilikdə isə birmənalı olaraq deyə bilərik ki, qlobal arenada güc mərkəzi olmaq iddiasını ortaya qoyan TDT hərbi təhlükəsizliyin gücləndirilməsi, o cümlədən fəlakətlər və fövqəladə hallara qarşı birgə mübarizə üçün konkret addımlar atır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.