Son yeniləmə: 7 Noyabr 2024 08:07
Manisanın Demirçi rayonu ilə Azərbaycanın Quba şəhəri qardaşlaşır
BAYRAQDAR MEDİA – Manisanın Demirçi rayonu Azərbaycanın Quba şəhəri ilə qardaşlaşır. Bu barədə
BAYRAQDAR MEDİA-ya Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyindən məlumat verilib.
Bildirilib ki, Dərnəyin başqanı Şentürk Hoşgül Demirçi Bələdiyyəsinin başçısı Erkan Karanı ofisində ziyarət edib: “Ziyarət zamanı Ş.Hoşgül Xarici İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində Demirçi rayonunun Quba şəhəri ilə qardaş şəhər olmasına qərar verildiyinə görə çox xoşbəxt olduqlarını bildirib. Qeyd edilib ki, Manisa Böyükşəhər Bələdiyyəsi ilə Azərbaycanın Şirvan Bələdiyyəsi arasında ötən il qurulan qardaş şəhər əlaqələrindən sonra, Demirçinin Quba şəhəri ilə qardaş şəhərə çevrilməsi prosesi böyük məmnunluqla qarşılanıb”.
Məlumata görə, Ş.Hoşgül iki şəhərin ortaq xüsusiyyəti olan xalçaçılıq sahəsində əməkdaşlığın da gücləndirilə biləcəyini deyib: “Bu qardaş şəhər əlaqələri mədəni və iqtisadi sahələrdə mühüm əməkdaşlığa qapı açacaq”.
Ş.Hoşgül ötən il Azərbaycana səfəri zamanı Quba şəhərini ziyarət etmək fürsəti əldə etdiyini, şəhərin təbii gözəllikləri və tarixi fakturasından çox təsirləndiyini bildirib. Dərnək rəhbəri qardaş şəhər layihəsinə hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib. O, “Bir millət, iki dövlət” şüarı ilə iki şəhər arasındakı əlaqələrin daha da güclənəcəyinə inandığını deyib.
Məlumata əsasən Demirçi Bələdiyyəsinin başçısı Erkan Kara bu mühüm layihə sayəsində iki şəhərin bir çox sahədə əməkdaşlıq edəcəyini bildirib: “E.Kara xüsusilə xalçaçılıq, turizm və tarix sahələrində ortaq işlər aparmağı planlaşdırdıqlarını deyib. Bələdiyyə rəhbəri vurğulayıb ki, bu əməkdaşlıq hər iki şəhər üçün böyük imkanlar təqdim edəcək.
Görüşün sonunda Şentürk Hoşgül Erkan Karaya “Bir millət, iki dövlət” yazılmış şərf və üzərində Bakının təsviri olan boşqab hədiyyə edib. E.Kara da Ş.Hoşgülə günün xatirəsinə hədiyyə təqdim edərək təşəkkür edib.
İlk şərhi yaza bilərsiniz