BAYRAQDAR MEDİA – 8 Noyabr Zəfərinin 4-cü ildönümü münasibəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVT) üzvləri qurumun sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Təşkilatdan daxil olub.
Xəbərdə bildirilir ki, “daha sonra akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Sonra tədbir MƏSQVT-nin inzibati binasında davam edib. Sözügedən Təşkilat, “Modern Ailə və İnkişaf” İctimai Birliyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən birgə təşkil edilən tədbirdən öncə Azərbaycanın Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.
Sonra xəbərdə, “tədbirdə çıxış edən C.Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə göstərdiyi qəhrəmanlıqlarından danışıb. O, 8 Noyabr zəfərinin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfər olduğunu vurğulayıb. C.Xəlilov həmçinin diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atıb, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırıb. Sonra çıxış edən “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva da 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib” deyə bildirilir.
Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva Azərbaycanın inkişafında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz H.Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə İ.Əliyev tərəfindən uğurla inkişaf etdirilib, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirib.
Həmçinin tədbirdə çıxış edən veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərə, veteranlara, Azərbaycan Ordusuna sevgi və ehtiramlarını bildiriblər.
Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
İlk şərhi yaza bilərsiniz