BAYRAQDAR MEDİA – Noyabr ayının 2-də ADA Universitetinin Qazax Mərkəzində artıq 4-cü ildir ki, Elm və Təhsil Nazirliyinin (ETN) maliyyə dəstəyi ilə həyata keçirilən Bir Müəllimin Manifesti ixtisasartırma proqramının açılışı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “proqramın builki tələbə-müəllimləri ilə Qazaxda tanış olan ADA Universitetinin prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal, onların hər birinin böyük müəllim, maarifpərvər Firudin bəy Köçərlinin davamçısı olduğunu qeyd edib, bu proqramın həm özünüinkişaf, həm də peşəkar inkişaf platforması olduğunu bildirib, burada yeni bilik və bacarıqlar qazanan müəllimlərin isə ümumilikdə cəmiyyətin inkişafına fayda verdiyini vurğulayıb”.
Qeyd edək ki, cari ilin avqust – sentyabr aylarında aparılan iki mərhələli seçim prosesinin nəticəsində Bir Müəllimin Manifestinə 2024-2025-ci tədris ili üçün 18 rayondan 22 direktor və müəllim seçilib. İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada tədris olunacaq.
Xatırladaq ki, region məktəblərində fəaliyyət göstərən direktor və müəllimlərin peşəkar inkişafını təmin edən proqramdan indiyədək 36 şəhər və rayonu təmsil edən 79 iştirakçı məzun olub.
İlk şərhi yaza bilərsiniz