Press "Enter" to skip to content

3 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 6 Noyabr 2024 08:18

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, “namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib”.

Məlumatda daha sonra deyilir: “Məlum olduğu kimi, Mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. Çox təəssüf ki, 27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub. Bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmış və həmin şəxslər məsuliyyətə cəlb edilmişdir.

Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.