BAYRAQDAR MEDİA – Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, publisist Rəşad Məcid haqqında ““Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı kitab nəşr edilib.
Kitabın həmmüəlliflərindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi, yazar Şahanə Müşfiq yeni nəşr olunmuş sözügedən kitab haqqında BAYRAQDAR MEDİA-ya danışıb: “Rəşad Məcid haqqında kitab yazmaq fikri 2018-ci ildən ağlımda vardı. Hətta bununla bağlı ilkin addımlar da atmışdım. Rəşad Məcidin anası, Allah rəhmət eləsin mərhum nənəsi, xalası, yəni ailə üzvləri ilə görüşmüşdüm. Onlarla müsahibələr aparmışdım. Lakin sonradan bu yazı prosesi müəyyən səbəblərdən dayandı. 2024-cü ildə Rəşad Məcidin 60 illik yubileyi ərəfəsində düşündüm ki, bu kitabın yenidən canlanması və çap olunmasının vaxtıdır. Gənc həmkarım, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) İdarə Heyətinin üzvü Şəfa Vəli də Rəşad Məcid dünyasına yaxın olan insanlardandır. Onun yaradıcılığında da Rəşad Məcidin izi var. Buna görə də ona müraciət etdim və əgər istəyirsə bu kitaba həmmüəllif kimi o da məqalələrini verə biləcəyini söylədim. O da razı oldu və Rəşad Məcidin yaradıcılığı haqqındakı məqalələrini göndərdi”.
Ş.Müşfiq nəşrin “Şahanə Müşfiqin tanıdığı Rəşad Məcid” və “Şəfa Vəlinin tanıdığı Rəşad Məcid” olaraq 2 hissəyə bölündüyünü bildirib: “Birinci hissədə mənim Rəşad müəllimin ailəsi, yaxınları, dostları, ilk iş yoldaşları ilə olan müsahibələrim yer alır. Qeyd edim ki, onların arasında rəhmətə gedənlər də var. Həmin insanların Rəşad Məcid haqqında fikirləri, xatirələri, gözəl düşüncələri, eyni zamanda, mənim Rəşad müəllim haqqında, onun yaradıcılığı, şəxsiyyəti ilə bağlı məqalələrim, ikinci hissədə isə Şəfa Vəlinin Rəşad Məcid yaradıcılığı, kitabları, şeir və hekayələri haqqında məqalələri yer alır. Onu da qeyd edib ki, kitabın çapında mənim sədr müavini, Şəfa Vəlinin isə İdarə Heyətinin üzvü olduğu DGTYB dəstək oldu. Birliyin sədri İntiqam Yaşar kitaba öz söz yazdı. Eyni zamanda, DGTYB-nin təşkilatçılığı, “XAN” nəşriyyatının dəstəyi ilə kitab çap olundu. Bu kitabın ərsəyə gəlməsində mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
İlk şərhi yaza bilərsiniz