Press "Enter" to skip to content

Bakı konfransı məhsuldar oldu

Müsahibə zamanı

Son yeniləmə: 4 Noyabr 2024 10:20

Dr. Erkin Rəhimov: Əsas məqsədimiz odur ki, Azərbaycandakı uşaqlar sağlam olsun

BAYRAQDAR MEDİA – “Bu, bizim üçün çox əlamətdar oldu. Çünki biz Türkiyə Milli Pediatriya Dərnəyi ilə birlikdə bu gözəl, yadda qalan və məhsuldar konfransı təşkil etdik”.

Bunu media təmsilçilərinə açıqlamasında Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov deyib.

O, “konfransın keçirilməsində məqsəd müasir tibbdə uşaq xəstəlikləri və bu kimi məsələlərə yanaşmanın daha dərindən öyrənilməsi, birlikdə hansı addımların atılmalı olduğunun müəyyən edilməsi və təbii ki gələcək əməkdaşlıqlar üçün proqramların hazırlanmasıdir” deyə qeyd edib.

Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov

Dr. Erkin Rəhimovun sözlərinə görə, Azərbaycan Pediatriya Cəmiyyəti 2021-ci ildə qurulmuş bir qeyri-hökumət təşkilatıdır: “Yarandığımız ilk gündən əsas hədəfimiz odur ki, azərbaycanlı həkimlərin ən son tibbi nailiyyətlər barədə məlumatlar əldə etməsinə, onların təcrübə mübadiləsi vasitəsi ilə təcrübələrin daha da artırılmasına, dünya praktikasında tətbiq olunan məsələləri onlara çatdırmaqdan ibarətdir. Bu məqsədlə biz çeşidli proqramlar reallaşdırırıq və bu konfrans da həmin istiqamətdə atılmış növbəti addımdır”.

Cəmiyyət sədri bildirib ki, bu günə kimi Azərbaycanın regionlarında müxtəlif seminar və konfranslar təşkil ediblər: “Ümumiyyətlə Azərbaycan Pediatriya Cəmiyyəti yarandığı vaxtdan etibarən ildə 5 dəfə regionlarda konfranslar, seminarlar, görüşlər təşkil edir. Eyni zamanda ayda iki dəfə vebinarlar da təşkil edirik ki, o vebinarlarda da xarici mütəxəssislər azərbaycanlı pediatrlara dəstək olurlar”.

Bildirilib ki, Azərbaycan Pediatriya Cəmiyyəti beynəlxalq əməkdaşlığa da mühüm önəm verir: “Biz Bakıda 34 ölkədən 600-ə yaxın iştirakçının qatıldığı beynəlxalq konfrans keçirmişik. Eyni zamanda, dekabrda artıq üçüncü Pediatriya Konqresi keçirəcəyik. Belə konqreslərə biz xaricdən dəyərli professorları, həkimləri, bu sahə üzrə mütəxəssisləri dəvət edirik. Bir məqamda qeyd edim ki, Azərbaycan Pediatriya Cəmiyyəti Beynəlxalq Pediatriya Assosiasiyasının üzvüdür. Mən orada Orta Asiyanı təmsilən Daimi Komitənin üzvüyəm və bu posta böyük səs çoxluğu ilə seçilmişəm. Bundan başqa bizim cəmiyyət Avropa Pediatriya Cəmiyyətinin və digər beynəlxalq qurumların da üzvüdür”.

“Bizim əsas məqsədimiz odur ki, Azərbaycandakı uşaqlar sağlam olsun, gələcəyimiz sağlam olsun. Bu istiqamətdə necə ki, indiyə kimi çalışmışıq, bundan sonra da eyni fəallıqla işimizi davam etdirəcəyik” deyə sonda o, əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.