BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvəsi noyabrın 6-da qardaş Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TDT Katibliyindən daxil olub.
Bildirilir ki, Qırğızıstan Prezidenti Sadır Caparovun ev sahibliyi edəcəyi Zirvəyə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri qatılacaq. Eyni zamanda TDT müşahidəçi üzv dövlətlərinin dövlət (hökumət) başçıları və TDT Baş katibi də zirvədə iştirak edəcək.
Zirvə görüşü “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı altında keçiriləcək.
O da bildirilir ki, Zirvənin başa çatması ilə müddətli sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək, bağlanış mərasimində dövlət başçıları Bişkek Bəyannaməsi və bəzi mühüm qərarları imzalayacaq.
Zirvə öncəsi isə TDT Xarici İşlər Nazirləri Şurası eyni şəhərdə toplaşacaq, dövlət başçılarının imzalayacağı gündəm maddələrini və sənədlərini müzakirə edəcək.
İlk şərhi yaza bilərsiniz