BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Qlobal Təhsil Görüşündə iştirak üçün Braziliyanın Fortaleza şəhərində səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirin ilk günündə nümayəndə heyəti Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimatında, eləcə də təhsildə bərabərlik və inklüzivlik, təhsil, elm və texnologiya kimi bir sıra plenar sessiyalarda iştirak edib. Oktyabrın 31-də E.Əmrullayev tədbirin iqlim və ətraf mühit mövzusuna həsr olunmuş sessiyasında bağlanış nitqi ilə çıxış edib. Sessiyadakı çıxışında nazir Azərbaycanda həyata keçirilən yaşıl təhsil və iqlim təhsili siyasəti haqqında məlumat verib və Azərbaycanın uğurlu təcrübələrini bölüşüb. E.Əmrullayev həmçinin tezliklə Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb və auditoriya iştirakçılarını bu tədbirdə iştiraka dəvət edib”.
Bildirək ki, 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Cannini və bir sıra təşkilatların rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, tədbir bu gün öz işinə yekun vuracaq.
İlk şərhi yaza bilərsiniz