Son yeniləmə: 1 Noyabr 2024 12:06
BAYRAQDAR MEDİA – Bugünlərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük siyasi lider Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında. Qafqaz məsələsinə dair” kitabı yayımlanıb. “Salman Mümtaz yayımları”nın nəşr etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif Sultanlı və Əliheydər Yunisoğlu çevirib.
Qeyd olunur ki, M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus dilində yayımlanmış sözügedən kitabı böyük mütəfəkkirin siyasi-kulturoloji görüşlərinin öyrənilməsi baxımından son dərəcə önəmli qaynaqlardan biridir. Əsərin yarandığı dönəm istər Azərbaycan və Türkiyə, istərsə də digər türk xalqları tarixinin ən mürəkkəb, keşməkeşli dönəmi olduğundan problemə yanaşmada zamanın təsiri aşkar şəkildə duyulmaqdadır.
Türkçülük və turançılıq anlayışlarının siyasi yöndə deyil, kulturoloji aspektdə dərk olunması zərurətinə söykənən “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” əsərinin rus dilində, həm də Paris şəhərində yayımlanması Rusiya mühacirətinin Fransada toplu halında məskunlaşması ilə bağlıdır.
Kitabın “Romantik düşüncədən gerçək birliyə” adlı ön sözündə professor Vaqif Sultanlı əsəri türkçülük və çağdaş turançılıq kontekstində dəyərləndirərək yazır: “M.Ə.Rəsulzadə əsərdə turançılıq ideyalarının Azərbaycanda, ümumən Qafqazda yayılmasının təbii səbəblərini önə çəkərək milli istiqlal məfkurəsinin onun kölgəsində gizlədilməsinə çalışan gizli və aşkar düşmənlərə qarşı özünün sərt mövqeyini sərgiləmişdir. Araşdırıcının fikrincə, ilk dönəmlərdə romantik səciyyə daşısa da bu ideya zaman keçdikcə tarixi olayların axarında dəyişikliyə uğrayaraq gerçəkçi mahiyyət qazanmışdır. Lakin türk birliyinin yaranması həmişə öz aktuallığını qoruyub saxlayacaq zəruri vəzifələrdən biri kimi qalmaqdadır. Müəllif turançılıq ideyası altında ayrı-ayrı türk dövlətlərinin vahid imperiyanın çətiri altına girməsini deyil, öz bağımsızlıqlarını əldə etməsi, eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji birliyin nəzərdə tutulduğunu vurğulayır”.
Əsər türk birliyi ideyasının gerçəkləşməsi zəruriliyinin qaçılmaz olduğu müasir dövrdə olduqca böyük önəm daşıyır. Çünki Məhəmməd Əmin bəy əsərdə bu gün aktuallaşmaqda olan problemin çözümünə mane olan tarixi-siyasi səbəblərə aydınlıq gətirir.
İlk şərhi yaza bilərsiniz