BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib”.
Daha sonra xəbərdə, “aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz