Press "Enter" to skip to content

Polislər 3 nömrəli məktəbdə olub

Tədbir iştirakçıları

Son yeniləmə: 30 Oktyabr 2024 14:28

BAYRAQDAR MEDİA – Oktyabrın 29-da Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbin IX, X və XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya və ağ ölüm” mövzusuna həsr olunmuş növbəti tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Bildirilir ki, tədbir Dövlət Himninin oxunması və şəhid Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlayıb.

Daha sonra məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz xanım Həsrət “Narkomaniya və ağ ölüm” mövzusunun məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına və qonaqlara rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. O, narkomaniyaya qarşı mübarizənin sağlam həyatın təminatı olduğunu, zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq şagirdləri sağlam həyat tərzi keçirməyə çağırıb.

“Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc xanım Süleymanova, Binəqədi rayonunun 5-ci Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Tuncay Abbasov, Binəqədi Rayon Polis İdarəsi ictimai təhlükəsizlik şöbəsinin rəisi İsa Həbibzadə, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis baş leytenantı Fərrux Həsənov, polis bölməsinin digər əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, İlqar Məmmədov, Sevinc Süleymanova və İsa Həbibzadə tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı aparılan mübarizə tədbirləri barədə şagirdlərə geniş məlumatlar verib.

O da bildirilir ki, narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açan, hazırda ciddi qlobal problemə çevrilən, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum edən pis vərdiş olduğunu vurğulayan İlqar Məmmədov bu bəlaya qarşı mübarizənin gücləndirilməsi və onun yayılmasının qarşısının alınmasından danışıb. O, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırıb, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu bildirib.

Məktəbin direktoru və tədbirin qonaqları
Məktəbin direktoru və tədbirin qonaqları

İlqar Məmmədov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından qarşıda duran əsas vəzifələrdən biri olduğunu, ümumtəhsil məktəblərində keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük əhəmiyyət daşıdığını qeyd edib: “Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan polis polkovniki İlqar Məmmədov mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. O, ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın da məhz bu məqsədə xidmət etdiyini deyib. Çıxışının yekununda İlqar Məmmədov ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən 802 çağrı xidmətinin fəaliyyət göstərdiyini şagird və müəllim heyətinin diqqətinə çatdırıb”.

Sevinc Süleymanova da öz növbəsində məktəblilərə tədbirin əhəmiyyətindən söz açaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya – ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini qeyd edib. O, müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışıb. Sevinc xanım şagirdlərə daim uğuru ilə seçilən, pis vərdişlərdən uzaq olan insanların yanında olmalarını tövsiyə edib.

Sonda İlqar Məmmədov mövzu ilə bağlı məktəbliləri maraqlandıran sualları cavablandırıb, ardından da narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.