Qardaş ölkədə parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi qardaş Özbəkistanda oktyabrən 27-də tarixi seçkilər keçirilib. Bu arada isə Özbəkistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilən Ali Məclisin Qanunvericilik Palatası və yerli şuralara seçkilərin ilkin nəticələrini açıqlayıb.
Kırım Haber Ajansının məlumatına görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhocaev mətbuat konfransında parlament seçkiləri barədə danışıb. Z.Nizamhocaev seçkidə qeydə alınmış 19 milyon 944 min seçicidən 15 milyon 27 min 529-nun iştirak etdiyini və iştirak nisbətinin 74,72 faiz olduğunu bildirib.
O da vurğulanıb ki, seçkilərin qalibi Özbəkistanın Liberal Demokrat Partiyasıdır. İlkin nəticələrə əsasən bu partiya parlamentin Qanunvericilik (aşağı) palatasında yerlərin əksəriyyətini – 150 mümkün yerdən 64-nü alır.
MSK-nın məlumatına əsasən Özbəkistanın “Milliy Tiklanish” Demokrat Partiyası 29, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyası 21, Özbəkistan Xalq Demokratik Partiyası 20 və Özbəkistanın Ekoloji Partiyası 16 mandat əldə edib.
Məlumat üçün bildirək ki, 2023-cü ildə edilən dəyişikliklərin ardınca bu seçkilərdə qüvvəyə minən yeni seçki qanununa əsasən Özbəkistan Ali Məclisinə seçkiləri majoritar və proporsional sistemə uyğun təşkil edilir. Seçkilərdə 75 rayondan 75 deputat majoritar sistemlə, 75 deputat isə proporsional seçki sistemi ilə seçilir. Proporsional sistem üzrə 500, majoritar sistem üzrə isə 375 namizəd mübarizə aparırdı.
İlk şərhi yaza bilərsiniz