BAYRAQDAR MEDİA – Oktyabrın 29-dan 31-dək Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Tədbirin açılışında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd edərək Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib”.
Sonra xəbərdə, “öz növbəsində ÜST-nin Avropa üzrə Regional direktoru, ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyasının sədri Hans Henri Klüge Avropa Regional Bürosunun ötən sessiyadan indiyədək gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. T.A.Qebreyesus və H.H.Klügenin çıxışlarından sonra ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyinə ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyasının sədrinin seçilməsi, ÜST-nin Avropa regionunda səhiyyənin vəziyyəti və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Təşkilat tərəfindən “2020–2025-ci illər üzrə Avropa İş Proqramı”nın, “2030-cu ilə qədər olan dövr üçün Dayanıqlı İnkişaf sahəsinə dair Gündəlik” və həyata keçirdiyi digər strateji tədbirlərlə bağlı məsələlərin müzakirələri daxil edilib. Səsvermənin nəticələrinə əsasən, H.H.Klüge yenidən ÜST-nin Avropa Regional Komitəsinin sədri seçilib” deyə bildirilir.
Xəbərdə həmçinin qeyd olunur ki, “Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, T.Musayev tədbir iştirakçılarını salamlayaraq ilk növbədə H.H.Klugeni yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və səhiyyənin maliyyələşdirilməsi istiqamətində son 20 ildə mühüm işlərin görüldüyü diqqətə çatdırılıb. T.Musayev 2021-ci il aprelin 1-dən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin respublikanın sosial-iqtisadi həyatında mühüm hadisə olduğunu və səhiyyə sisteminin maliyyələşdirilməsi üçün yeni iqtisadi əsasların yaradıldığını qeyd edib. Nazir çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi haqqında da danışıb. O həmçinin bildirib ki, Azərbaycan COP29-un sədri qismində “İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü”nü irəli sürüb. T.Musayev “Böyük Qayıdış” Proqramı çərçivəsində Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb”.
Oktyabrın 31-i yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam edəcək.
Regional Komitə ÜST-nin Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.
İlk şərhi yaza bilərsiniz