Press "Enter" to skip to content

“Məktəb kitabxanaları: icma əlaqələri” tədbiri

Bir xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Məktəb Kitabxanaları aylığı çərçivəsində ümumtəhsil məktəblərinin kitabxana müdirləri və şagirdlərinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və AMEA-nın elmi-tədqiqat institutlarının kitabxana əməkdaşlarının iştirakı ilə “Məktəb kitabxanaları: icma əlaqələri” adlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbiri giriş sözü ilə açan MEK-in direktoru, Dos. Hüseyn Hüseynov Azərbaycanın ən böyük mərkəzləşmiş elmi kitabxanası olan MEK haqqında iştirakçılara məlumat verib. Direktor çıxışı zamanı ölkədə təhsilə göstərilən yüksək dövlət qayğısından, bu istiqamətdə kitabxanaların üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda hər bir məktəblini yenilənmiş kitabxana saytından aktiv istifadəyə çağırıb. MEK rəhbəri vurğulayıb ki, onlar yenilənmiş vebsayt vasitəsilə, elektron kitabxanaya daxil olaraq istənilən ədəbiyyatı axtarış edə və ya oxucu kartı vasitəsilə rahat şəkildə oxuya bilərlər”.

Sonra xəbərdə deyilir ki, “tədbirdə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Təhsildə kitabxanaların rolu”, Bakı şəhəri 245 saylı orta məktəbin kitabxana müdiri Sona Əlizadənin “Məktəb kitabxanaları müasir dövrdə”, S.S. Axundov adına 172 nömrəli tam orta məktəbin kitabxana müdiri Çinarə Hüseynovanın “Məktəb kitabxanalarının əlaqələri”, Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəb kitabxanasının əməkdaşı Aygün Orucovanın “Məktəb kitabxanaları icma əlaqələri”, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Xidmət şöbəsinin müdiri Könül Səfərovanın “Uşaq kitabxanasının məktəb kitabxanaları ilə əlaqələri” mövzularında ətraflı çıxışları dinlənilib. Çıxışçılar UNESCO-nun ictimai kitabxanalar haqqında manifestinin prinsiplərindən, məktəb kitabxanalarından səmərəli istifadə və fondlarından, mütaliə istiqamətlərinin müəyyən edilməsində metodik dəstək ehtiyacından, kitabxanaların fəaliyyətinin dərs proseslərinə inteqrasiyasından, eləcə də “oxucu-müəllim” fəallığının artırılmasından danışıblar”.

MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev kitabxanalarla gənclərin əlaqələrinin qurulması yönündə həyata keçirilən tədbirlərdən, mütaliə dərnəklərinin əhəmiyyətindən danışıb.

Tədbir zamanı 19 nömrəli orta məktəbin 6-cı sinif şagirdləri tərəfindən mütaliə, kitab haqqında müdrik kəlamlar, şeirlər səsləndirilib.

Sonda viktorina keçirilib, şagirdlərə kitablar hədiyyə verilib və onlar MEK-i ekskursiya ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.