Press "Enter" to skip to content

Cümhuriyyət bayramın mübarək, Atatürk Türkiyəsi!

Nadir Azəri

Yaxud Osmanlıdan Cümhuriyyətə qət edilən şərəfli yol Cümhuriyyətdən də Böyük Turana doğru davam etməlidir

BAYRAQDAR MEDİA – Sabah qardaş Türkiyədə mühüm dövlət bayramıdır – 29 Ekim Cümhuriyyət Bayramı. Bu bayram qardaş ölkədə bayramlar içərisində ilk sırada dayanır.

Mustafa Kemal Atatürk
Mustafa Kemal Atatürk

Çünki 101 il öncə məhz bu tarixdə, oktyabrın 29-da Mustafa Kemal Atatürk və silahdaşları imkansızı imkana çevirərək tarix yazdılar. Elə bir tarix ki, bu, təkcə Türkiyə türklərinin deyil, dünyadakı bütün türklərin ayaqda, sağlam qalmasına və gələcəyə inamla baxmasına vəsilə oldu.

Vəhşi Batının qanlı arzusu gözündə qaldı

Həmin dövrün ağır şərtləri barədə tarixi faktları təkrarlamaqla dəyərli oxucuların vaxtını almaq istəmirəm. Sadəcə onu qeyd etməyi vacib bilirəm ki, həmin vaxt vəhşi Batının imperialist gücləri son anlarını yaşayan Osmanlının necə “can verməsini” müşahidə edir, daha dəqiq desək, qanlı dişlərini və caynaqlarını hazır vəziyyətdə saxlayaraq türklüyün birdəfəlik yer üzündən silinməsinə hazırlaşırdılar. Lakin Mustafa Kemal Atatürk və silahdaşları onların bu qanlı arzularını gözlərində qoydu.

Ömrünün son anlarını yaşayan Osmanlının bətnindən Türkiyə Cümhuriyyəti doğdu və həmin Cümhuriiyyət bu gün dünyada əsas söz sahiblərindən biri olaraq qlobal proseslərə birbaşa təsir etmək gücündədir. Təbii ki, Türkiyənin bu gün əldə etdiyi güc, nüfuz və imkan Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasətlə birbaşa bağlıdır. Lakin danılmaz bir həqiqətdir ki, əldə edilən nailiyyətlər həm də Atatürk prinsiplərinin necə güclü və köklü olmasından qaynaqlanır.

İstikbal göklerdedir

Bu istiqamətdə də uzun-uzadı tarixi gerçəkləri sadalamadan təkcə bir məqamı qeyd etməyi vacib sayıram. Mustafa Kemal Atatürk ən mühüm xüsusiyyətlərindən biri olan uzaqgörənliyi sayəsində o dövrdə bir çox insanın fərqində olmadığı bəzi həqiqətləri hiss edərək dilə gətirmişdi. Məsələn, dahi şəxsiyyət hələ ötən əsrin 30-cu illərində “Gələcək göylərdədir (İstikbal göklerdedir). Səmalarını qoruya bilməyən xalqlar heç vaxt gələcəyinə əmin ola bilməzlər” ifadəsi ilə aviasiyanın nə qədər əhəmiyyətli olduğunu vurğulamışdı. Öz SİHA, İHA, Kaan, Akınçı, Gökbek və Kızılelması ilə müasir dövrdə tarix yazan bu günün Türkiyəsi, qardas ölkənin idarəçiləri öz tarixi addımları, reallaşdırdıqları siyasətlə Atatürkün nə qədər haqlı olduğunu bir daha sübuta yetirirlər.

Yəqin dəyərli oxucular bu yazının birbaşa Atatürk vurğusu üzərində yazıldığının fəqrindədirlər. Elə isə səbəbinə də aydınlıq gətirək. Əvvəla ona görə ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürkdür və bizə görə bu, elə məhz Atatürk Türkiyəsidir.

Çay bəhanə, görüş və söhbətlər şahanə olar

Məsələnin günümüzlə əlaqəsinə gəlincə, iştirakçısı olduğum bir hadisəni xatırlatmağı vacib sayıram. 2016-cı ildə Ramazan ayında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun media təmsilçiləri ilə iftar süfrəsində bir araya gəlmişdi. Yeri gəlmişkən, keçmişlərdə iftar süfrələrində, digər bayramlarda səfirlikdə səfirlə media təmsilçilərinin bir araya gəlməsi ənənəsi çox gözəl idi və könül istər ki, o ənənə yenidən bərpa edilsin.

Bilirik ki, qardaş ölkədə tasarruf (qənaət) tədbirləri görülür, hətta buna görə Cümhuriyyət Bayramı ilə bağlı qəbullarda da bəzi məcburi addımların atılması qaçılmaz olur. Lakin hesab edirəm ki, belə məclisləri sadə çay süfrəsi ətrafında da etmək olar. Necə deyərlər, çay bəhanə, görüş və söhbətlər şahanə olar.

FETÖ-nün çevriliş cəhdindən bir ay öncə dilə gətirilən narahatlıq

Hə, qayıdaq yuxarıda bəhs etdiyim iftar süfrəsinə. Həmin vaxt Türkiyədə FETÖ-nün daha da azğınlaşdığını, hətta Atatürkə belə dil uzatdığını, buna isə bəzən yetkililərin də səssiz qaldığını müşahidə edir (söhbət mən və mənim kimi Türkiyəni gerçəkdən sevən, Türkiyəni ikinci ana vətən olaraq görən, Mustafa Kemal Atatürkə Ulu Öndər Heydər Əliyev qədər dəyər verən yazıçı, media təmsilçisi, ictimai sektor nümüyəndəsi və s. daxil olduğu kəsimdən gedir – N.A.), içimizdə qan ağlayırdıq.

Həmin iftar süfrəsindən foto
Həmin iftar süfrəsindən foto

Qismət elə gətirdi ki, süfrə arxasına keçəndə mən cənab səfirlə üz-üzə oturdum (dünən gecə bu yazını yazarkən təsadüfən həmin iftar süfrəsi ilə bağlı foto və video materialı da tapdım), məqam tapan kimi belə də dedim: “Cənab səfir, duyduğumuz qədər sizin görəv sürəniz tamamlanmaq üzrədir. Ankaraya dönəcəksiniz. Sizdən bir xahişimiz var. Ankaradakılara deyin ki, Atatürkə sahib çıxsınlar. Çünki Atatürk olmazsa, Türkiyə Cümhuriyyəti də olmaz. Əgər siz sahib çıxmazsanız, o zaman biz sahib çıxarıq”.

Həmin vaxt bu sözlərimin qarşı tərəfdə hansı reaksiya doğurduğunu bir kənara qoyub, sadəcə bir tarixə diqqət yönəltmək istəyirəm. Mən bu sözləri qardaş ölkənin diplomatına deyəndə təqvimdə 20 iyun 2016-cı ili göstərirdi. Bu söhbətdən heç bir ay keçmədi ki, FETÖ-nün məlum çevriliş cəhdi oldu və bizim narahatlığımızın heç də əsassız olmadığı öz təsdiqini tapdı.

Bunu da birmənalı olaraq qeyd edim ki, məlum çevriliş cəhdi zamanı Türkiyəni qoruyan və Cümhurbaşqanı Recep Tayyip Erdoğanın ətrafında sıx birləşən xalq, bir də gerçək Atatürkçülər oldu. Tarix bir daha sübut etdi ki, Türkiyə Cümhuriyyətinin keçmişi kimi, bu günü də Atatürk prinsiplərinə, Atatürk ideyalarına və bu ideyalara sadiq insanlara bağlıdır. Elə Türkiyənin və türk dünyasının gələcəyi də Mustafa Kemal Atatürkün, həm də Ulu Öndər Heydər Əliyevin önəm verdiyi dəyərlərə, türk birliyinə bağlıdır.

İnkişaf və tərəqqi geriyə deyil, irəliyə getməklə davamlı ola bilər

Mustafa Kemal Atatürk hələ 1933-cü ildə bu günün türk dünyasının tərifini vermişdir: “Bu gün Sovet Rusiyası bizim dostumuz, qonşumuz, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Amma sabah nə olacağını heç kim proqnozlaşdıra bilməz. O, Osmanlı İmperiyası kimi, Avstriya-Macarıstan İmperiyası kimi parçalana bilər. Bu gün tutduqları millətlər onların əlindən qaça bilər. Dünya yeni tarazlığa çatır. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun rəhbərliyi altında dil və etiqad baxımdan bir olduğumuz doğma qardaşlarımız var. Biz onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq sadəcə səssizcə o günü gözləmək demək deyildir, hazırlaşmaq lazımdır. Millətlər buna necə hazırlaşır? Mənəvi körpülərinizi möhkəm saxlamaqla! Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür”.

Göründüyü kimi, Mustafa Kemal Atatürkün 1933-cü ildə uzaqgörənliklə söylədiyi bu dahiyanə fikirlər 1991-ci ildə gerçəkləşdi. SSRİ dağıdlı və türk respublikaları müstəqil oldu. Məhz belə bir tarixi dönəmdə isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığına “Bir millət – iki dövlət” fəlsəfi dəyərləndirməsi sonradan müasir türk birliyinin ana xətti oldu. O türk birliyi ki 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi ilə ilk hüquqi əsası qoyuldu. Bu gün isə Türk Dövlətləri Təşkilatının timsalında qlobal məkanda öz sözünü deyir və daha sarsılmaz birlik olmaq yolunda inamla addımlayır. Bu addımlar bizi Qızıl Almaya, Vahid Turana aparır.

Vahid Turandan söz düşmüşkən, Türkiyənin Cümhuriyyət Bayramı ilə bağlı yazımı da elə Atatürk və Vahid Turan ovqatı ilə nöqtələmək istəyirəm. Məsələ burasındadır ki, hazırda Türkiyədə müəyyən bir kəsim formalaşıb. Onlara elə gəlir ki, Türkiyənin gələcəyi Atatürkü hədəfə almaqdan və Türkiyəni geriyə – Osmanlıya götürməkdən keçir. Amma onlar anlamırlar ki, inkişaf və tərəqqi geriyə deyil, irəliyə getməklə davamlı ola bilər. Yəni Osmanlıdan Cümhuriyyətə qət edilən şərəfli yol Cümhuriyyətdən də Böyük Turana doğru davam etməlidir. O müqəddəs amala aparan yol isə yenə də Türkiyə-Azərbaycan qardaşlığından keçir – Mərkəzində dövlət başçıları İlham Əliyev və Recep Tayyip Erdoğanın qətiyyətli siyasətinin dayandığı Türkiyə-Azərbaycan qardaşlığından.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.