Son yeniləmə: 28 Oktyabr 2024 08:17
Nadir Azəri: Bu seçkilər həm Gürcüstan, həm də ümumilikdə Güney Qafqaz regionu üçün mühüm önəm kəsb edir
BAYRAQDAR MEDİA – “Oktyabrın 26-da qonşu Gürcüstanda növbəti parlament seçkiləri keçirildi. Bu seçkilər həm Gürcüstan, həm də ümumilikdə Güney Qafqaz regionu üçün mühüm önəm kəsb edir. O baxımdan ki, Batının regionla bağlı qaranlıq planlarının reallaşıb-reallaşmaması həm də bu seçkilərin nəticəsindən aslı idi”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.
Onun sözlərinə görə, artıq seçkilər arxdaqa qalıb və nəticələr onu deməyə əsas verir ki, ümumilikdə Gürcüstan xalqı, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılar müharibə, daxili qarşıdurma, milli-mənəvi dəyərlərin deqradasiyası əleyhinə səs veriblər: “Yəni bu seçicilərin seçimi sülh, inkişaf, ənənələrə və milli dəyərlərin təntənəsinə sadiqlik olub. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Gürcüstandakı soydaşlarımızın bu seçimi qonşu ölkədəki hakim “Gürcü Arzusu” Partiyasının qələbəsində əhəmiyyətli rol oynayıb. Çünki Gürcüstanda 300 min azərbaycanlı yaşayır və hesablamalara əsasən oradakı azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var”.
Nadir Azəri, daha sonra “Beləliklə, Gürcüstandakı soydaşlarımız bir daha öz sülhsevər və qurucu mövqelərini nümayiş etdirdilər. Onlar Gürcüstanın sabit və davamlı inkişafı üçün üzərlərinə düşən vəzifəni yerinə yetirdilər. İndi isə, necə deyərlər, addım atmaq növbəsi Gürcüstan hakimiyyətinindir. Ümid edək ki, Gürcüstan hakimiyyəti, hakim “Gürcü Arzusu” Partiyasının formalaşdıracağı yeni hökumət bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqiamətində real addımlar atacaqlar” deyib.
İlk şərhi yaza bilərsiniz