Press "Enter" to skip to content

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı – VİDEO

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – Oktyabrın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad Mirzənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir iki ölkə arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb”.

Daha sonra xəbərdə, “müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb. General S.Ş.Mirzə səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr – Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib”.

Xəbərdə, həmçinin “Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb”.

Baş Qərargahda keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.