Press "Enter" to skip to content

“50 milyonun Zəfəri” adlı konfrans keçirilib

Faiq Ələkbərli çıxış edir

BAYRAQDAR MEDİA – Oktyabrın 26-da “Ortaq Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı, eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sosial Tədqiqatlar Mərkəzinin ev sahibliyi ilə “Xarici ölkələrdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində “50 milyonun Zəfəri” adlı konfrans keçirilib.

Konfransda Güney Azərbaycanda, o cümlədən, Gürcüstanda, Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlıların ana dilində təhsil, milli-mədəni haqlarının vəziyyəti, Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikir və tövsiyələrinə uyğun olaraq görülməli işlərə diqqət yetirilib. Eləcə də 44 günlük Vətən müharibəsində bütün azərbaycanlıların vahid güc kimi birləşməsi, xüsusən Güney Azərbaycanlıların Xudafərinə gələrək Azərbaycan əsgərlərini dəstəkləməsi, Azərbaycanın əldə etdiyi tarixi Zəfəri milli birlik ideyasının qaynağı kimi bütün azərbaycanlılara təşviq etməsi haqda söhbət açılıb.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutu Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli də çıxış edərək vurğulayıb ki, Azərbaycan milli ideyasının özündə tarixi-coğrafi bütövlük, birlik, milli dirçəliş ifadə olunub. O, həmçinin qeyd edib ki, yeni dövrdə Azərbaycan milli ideyasının əsası Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulub və hazırda 50-60 milyonluq bir xalq olan azərbaycanlılar milli mədəni bütövlüyünü qoruyub saxlamaqdadır.

F.Ələkbərli çıxışı zamanı ötən iki əsr ərzində milli bütövlüyün xeyli dərəcədə zədələndiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, çağdaş dövrdə milli aydınların üzərinə düşən vəzifə bütün bu neqativ halları aradan qaldırıb, yenidən milli bütövlüyü bərpa etməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.